10.10.2025, 00:22
AZ EN
02.10.2025, 08:46 333

Bu gün əfsanəvi qəhrəman, mayor Elbrus Bayramovun anım günüdür

XƏBƏRLƏR
  • Elbrus uşaqlıqdan hərbçi olmaq istəmişdi. Onu başqa sahələrə yönəltmək istəsələr də o dostları kimi öz istəyindən dönmədi. Onların üçü də dost idi və hər üç mayor Vətən uğrunda şəhadətə qovuşdu.

Vətən Müharibəsi Qəhrəmanı olan Elbrus Bayramov komandir kimi döyüşlərin ilk günlərində böyük şücaətlər göstərdi. O yaralı vəziyyətdə özünü düşmən tankının qarşısına ataraq qumbara ilə onların texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edərək 100-dən çox əsgər və zabitimizin həyatını xilas elədi...

Şəhidimizn atası deyir ki, torpaqlarımız işğal altında olduğundan biz başıuca gəzə bilmirdik. Bu gün başımız uca, üzümüz ağdır. Buna bizim qəhrəman oğullarımızın sayəsində nail olmuşuq. Bütün şəhidlərimizin ruhu şad olsun...  

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Elbrus Eyvaz oğlu Bayramovun anım günüdür. O, 1986-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Xidməti dövründə Elbrus Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illik yubiley və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edilmişdi.

Bayramov Elbrus Eyvaz oğlu həmçinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində mayor Elbrus Bayramov bölüyü ilə döyüşə Füzuli rayonundan başlayır və birbaşa irəli atılır. Elbrus idarə etdiyi tankda minaya düşüb yaralanmasına baxmayaraq, geri çəkilmir, zirehli tankla ermənilərin silah dolu maşınını və otuzdan çox canlı qüvvəsini məhv edir. Oktyabrın 1-də isə düşmənin o istiqamətdə bütün döyüş, rabitə və tibb heyəti darmadağın olunur. Strateji yüksəkliklər Azərbaycan döyüşçülərinin əlinə keçir. İgid döyüçşülərimiz canları və qanları bahasına qazandıqları mövqeləri əldən vermirlər. Yaralı-yaralı vuruşan mayorun ağrıları, acıları yadına belə düşmür. Onun və döyüş dostlarının məqsədi tezliklə Qarabağ torpaqlarını yağılardan geri almaq, haqq müharibəsini qələbə ilə başa vurmaq idi.

Oktyabrın 2-də Füzuli ətrafında düşmən bunkerinə hücum əmri verilir. Ermənilərin əsas canlı qüvvəsi məhz orada cəmləşmişdi. Elbrusun hərbçi yoldaşları qeyd edir ki, o, həmin gün mühasirəyə düşmüş taborun köməyinə şəxsi heyəti ilə gəlir və onları çətin mövqedən çıxara bilirlər. Oktyabrın 2-də şəxsi bölüyü ilə hücuma keçən mayor Elbrus Bayramov tarixə öz adını yazır. Elə həmin anda qanlı döyüş gedərkən əfsanəvi qəhrəmanlıq göstərən mayor sığınacaqdan erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini görür. Anlayır ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu canlı itki verəcəklər. Bu vaxt düşmən durmadan mövqelərimizə atəş açır. Elbrus zabit yoldaşını əsgərlərin yanına göndərir. Sağ cinahdakılara təhlükə barədə xəbər verir. Götürdüyü əl qumbarasıyla onların üzərinə gələn tankın qarşısına yeriyir. Tanka çatana qədər snayperlə ayağından vurulsa da, özündə güc toplayıb igidcəsinə özünü irəli atır. Elbrus tankın lüləsindən qumbaranı içəri tullayır. Heyəti və tankı məhv edir. Və beləliklə, yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan qurtarır. Ordumuzun irəliləməsinə şərait yaradır. Özü isə qəhrəmancasına şəhadətə ucalır.

Qəhrəman şəhidimiz Beyləqan rayonunun Milabad qəsəbəsində böyik izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə Elbrus Eyvaz oğlu Bayramov "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. O, həmçinin, "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. 2 övladı Vətənə yadigar qalıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Beyləqan Şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Elbrus Eyvaz oğlu Bayramovun adı verilib.

Şəhid mayor, əfsanəvi qəhrəmanımızın ruhu şad olsun, məzarı nurla dosun!

Mina RƏŞİD  

Oxşar xəbərlər