01.06.2025, 16:13
AZ EN
13.10.2022, 12:10 630

Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramıdır

XƏBƏRLƏR

Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 7-də “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, oktyabrın 13-ü  müstəqil Azərbaycan dəmir yolunun yaradıldığı gün kimi hər il dəmiryolçularımızın peşə bayramı olaraq qeyd olunur.
140 illik tarixə malik olan Azərbaycan dəmir yolları möhtəşəm inkişaf yolu keçib. Azərbaycanda dəmir yolu tikintisinin birinci mərhələsi 1878-ci ildə başlanıb və 1880-ci il yanvarın 20-də uzunluğu cəmi 20 kilometr olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun istifadəyə verilməsi ilə başa çatıb. O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilib. Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir.
Hazırda ölkəmizin nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun möhkəmləndirilməsinə yönəlmiş bir neçə layihə həyata keçirilir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında nəqliyyat və logistika sektorunun roluna böyük ümidlər bəslənilir.
Strateji əhəmiyyətli bir regionda beynəlxalq nəqliyyat dəhlizinin kəsişdiyi məkanda yerləşən Azərbaycan əsrlər boyu bu dəhlizlər arasında unikal körpü rolunu oynayıb.
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə dəmir yolu infrastrukturunda da yeni mərhələnin başlanğıcı oldu. 2020-ci il noyabrın 24-də Prezident İlham Əliyev “Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmiryolunda bu gün sürətli tikinti işləri aparılır. Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulan Horadiz–Ağbənd dəmiryolu xəttinin qurulması uğurla davam etdirilir.
Bayramınız mübarək! Həmişə yolumuz açıq və aydın olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər