Elmar İbrahimov 27 sentyabr 2020-ci ildə başlanan Vətən Müharibəsində könüllü olaraq iştirak edib. Ağdərə, Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Elmar oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhadətə ucalıb.
Şəhidimiz Mingəçevirdə Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhid Elmar İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və “Vətən uğrunda ”medalları ilə təltif edilib.
Şəhidimizin anası Ümmü xanım deyir ki, heç kimdən heç nə istəmirəm, ancaq şəhid balamın unudulmamasını istəyirəm. Elmar Vətəni canından, anasında çox sevirdi. Uşaqlıqda çox mehriban bir övlad idi, cəbhəyə könüllü getdi, onun dostluğa, yoldaşlığa sadiqliyi böyük idi. Onun otağından bir kağız tapdım və çox sevindim. Demə Elmar atasının ölümünü özünə çox dərd edirmiş. Çox şən uşaq idi. Dostlarının arasında çalışırdı ki, özünü şən göstərsin, amma evə gələndə qəmlənirdi. Deyirdim, ay bala, niyə belə edirsən, deyirdi ki, qoy heç kim bilməsin ki, mən yetiməm. Oxumaq istəyirdi, deyirdi, ay ana, məni də müəllim yanına qoy. Amma imkanımız yox idi. Cəbhədə olarkən telefonla danışırdıq. Deyirdi ki, iki dəfə ağır döyüşlərə giriblər, ermənilər bizdən qorxub qaçırlar. Amma 3-cü dəfə mənə zəng edəndə soruşdum ki, nə vaxt qayıdacaqsan? Sanki mənimlə könülsüz danışırdı. Dedi ki, dekabrda gələcəm. Amma mənə elə gəldi ki, o, bu sözü çox ümidsiz dedi. Elə bil onun şəhid olması ürəyimə dammışdı. Yuxusunu da görmüşdüm. Oğlum az ömür yaşasa da onunla bağlı xatirələrim çoxdur. Hamısını buradan demək mümkün deyil. İstəklisi də vardı. Arzusu gəlib, işləyib özünə maşın alıb, sonra da toy etmək idi. Onun yarım qalan arzuları məni çox incidir. Canından Vətənə can verdi, təki vətən sağ olsun.
Deyirdi ki, həsrətində olduğumuz Vətən torpaqlarına ilk ayaq basan biz olacağıq. Elə də oldu. Bütün şəhidlərimizin ruhu şad olsun, biz şəhid analarının qisasını onlar düşməndən aldılar. Biz fəxr edirik ki, belə qəhrəman oğulların anasıyıq.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD