Əvvəlcə iştirakçılar Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçiriblər.
Təqdimat mərasimində ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirildi. Videoçarxda Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscid və digər dini-mədəni obyektlərin məhv edilməsi faktları əyani şəkildə təqdim edildi.
Təqdimatda Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. Bu gün “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” bu istiqamətdə strateji yol xəritəmizdir. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu gün təqdim olunan “Qərbi Azərbaycan İrsi” kitabı da bu konsepsiyanın mühüm bir tərkib hissəsidir – tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən qiymətli bir mənbədir. Çıxışın sonunda Xocalı rayon İcra Hakmiyyətinin başçısı kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə səmimi təşəkkürünü bildirdi.
Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli çıxışında yaradıcı heyətin ərsəyə gətirdiyi kitabın beş cilddə olacağını qeyd etdi. Birinci üç kitab Qərbi Azərbaycan ərazisindəki qəbristanlıqlara, dördüncü cild məscidlərə, beşinci cild isə ərazidəki maddi-mədəni irs nümunələrinə həsr olunub. Birinci cildin əhatə etdiyi ərazidə 201 qəbiristanlıq haqqında müqayisəli, həm peyk, həm də topoqrafiq xəritələrdən istifadə edilməklə və konkret faktlara söykənməklə təhlil edilib. İcma sədri qeyd edib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, 201 qəbiristanlıqdan bu gün 46-sının tamamilə yer üzündən silinib, 153-ü isə dağıdılmışdır. Hazırda əraizdə cəmi bir qəbiristanlıq salamat qalmışdır. Mirfaiq Mirheydərli qeyd edib ki, məhv edilən qəbiristanlığın yerində ya asfalt salınıb, ya da həyətyanı ərazi kimi paylaşılıb, hətta bəzilərinin yerində kilsə inşa edilib.
Bizim hər birimiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu əsas fikrin – “Biz Qərbi Azərbaycana qayıdacağıq” reallığa çevrilməsi üçün öz töhfəmizi verməliyik.
Təqdimat mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bu cür məzmunlu kitabların çapının Qərbi Azərbaycanın gələcək nəslə təbliğ edilməsində mühüm rol oynadığını xüsusilə vurğulayıb.
Hazırladı: Mina RƏŞİD