26.07.2025, 02:00
AZ EN
24.07.2025, 17:22 144

Laçın RİH-in təşkilatçılığı ilə Qərbi Azərbaycana aid kitabın təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Bu gün Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon şöbəsinin sədri İradə Qafarova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndəlik əməkdaşları, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılımş büstünü ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad etmiş, büstün önünə tər güllər düzmüşlər.

Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında  davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda həlak olan şəhidlərimizin, o cümlədən Qərbi Azərbaycanda milli ayrı-seçkiliyə məruz qalmış soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin  səsləndirilməsi  ilə başlayan  tədbiri giriş nitqi ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxışında bildirib ki, XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlı soydaşımızın öz doğma yurd-yuvasından zorla çıxarılması təkcə deportasiya deyil, həm də xalqımızın mədəni, tarixi və mənəvi izlərinin silinməsinə yönəlmiş sistemli bir siyasət idi. Bu ağır dövrdə azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsində Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti və uzaqgörənliyini xüsusi olaraq vurğulayan rayon rəhbəri Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə belə, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına qarşı cəsarətlə çıxış etdiyini, onların hüquqi müdafiəsini vacib saydığını qeyd edib.

Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə qeyd edib ki, bu gün ölkə  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması, zorla deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası və onların ləyaqətli şəkildə öz yurdlarına qayıdışı məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu məsələni bir neçə beynəlxalq platformada, xarici ölkə liderləri ilə görüşlərində və çıxışlarında daim gündəmdə saxlayır. Aqil Nəzərli təqdim edilən nəşrin həm tarixi faktların qorunması, həm də beynəlxalq ictimaiyyətə çağırış xarakteri daşıdığını bildirib və bu istiqamətdə göstərilən diqqət və dəstəyə görə dövlət başçısı cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə edib.

Tədbirdə  çıxış  edən  Tofiq Mirzəyev, Leyla Rüstəmova, Yasin Həsənov və Şamo Qasımov  “Qərbi Azərbaycan İrsi” kitabının əhəmiyyətinə toxunaraq vurğulayıblar  ki, bu nəşr Qərbi Azərbaycanda xalqımıza qarşı həyata keçirilən sistemli vandalizmin sənədlərlə təsbit olunmuş sübutudur. Çıxışlarda qeyd olunub  ki, bu kimi əsərlər həm beynəlxalq ictimaiyyətin məlumatlandırılması, həm də gələcək nəsillərin maarifləndirilməsi baxımından əvəzsiz mənbədir. Bildirilib  ki, kitab, eyni zamanda, xalqımızın bu əzəli torpaqlarla bağlı hüquqi mövqeyinin əsaslandırılmasında mühüm rol oynayır.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon nümayəndəliyinin sədri İradə Qafarova çıxış edərək xalqımızın başına gətirilmiş deportasiya faciələrindən, bu proseslərin tarixi mərhələlərindən və o dövrün canlı şahidləri kimi şəxsən şahidi olduqları hadisələrdən danışıb, eləcə də Qərbi Azərbaycan məsələsinə göstərilən yüksək diqqət və həssas münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonra tədbirdə “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər