11.07.2025, 15:04
AZ EN
10.07.2025, 11:59 214

“Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi-praktik dəyirmi masa keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yeni təsis edilmiş Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış tarixi və beynəlxalq hüquqi kontekstdə” mövzusunda elmi-praktik dəyirmi masa keçirilib.

Tədbiri açan DİA-nın rektoru akademik Urxan Ələkbərov ölkə rəhbərliyinin Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirdiyi məqsədyönlü dövlət siyasətindən bəhs edib, bu istiqamətdə ictimai-siyasi, hüquqi və humanitar aspektləri özündə birləşdirən kompleks tədbirlərin vacibliyini qeyd edib. Akademik U.Ələkbərov, həmçinin, DİA nəzdində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin yaradılmasının elmi əsaslarını və fəaliyyət istiqamətlərini iştirakçıların diqqətinə çatdıraraq, Mərkəzin milli yaddaşın dirçəldilməsi, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa əsaslanan elmi-nəzəri diskursun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dəyirmi masa çərçivəsində Mərkəzin rəhbəri tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Milli Məclisin deputatları – hüquq elmləri doktoru, professor Nizami Səfərov və siyasi elmlər doktoru Rizvan Nəbiyev çıxış edərək Qərbi Azərbaycana qayıdışın tarixi, siyasi və beynəlxalq hüquqi əsaslarına dair məruzələrlə çıxış ediblər. Onların təqdimatlarında Qərbi Azərbaycana qayıdış hüququnun elmi-nəzəri əsaslandırılması, bu hüququn formalaşmasına səbəb olan tarixi-siyasi proseslər və beynəlxalq hüququn norma və prinsipləri müfəssəl şəkildə təhlil edilib.

Məruzələrdə xüsusi olaraq vurğulanıb ki, Qərbi Azərbaycan problemi yalnız bir xalqın deyil, bütövlükdə regionun sülh, ədalət və insan hüquqları müstəvisində sabitliyini təmin etmək üçün həll edilməli olan qlobal məsələdir. Qayıdış hüququnun beynəlxalq ictimaiyyətə təqdimatında elmi əsaslandırma ilə yanaşı, diplomatik, maarifləndirici və hüquqi resurslardan da sistemli şəkildə istifadə edilməsinin zəruriliyi qeyd olunub.

Mövzu ətrafında aparılan müzakirələrdə DİA-nın əməkdaşları – dosent Fuad Süleymanov və professor Elçin Əhmədov çıxış edərək, məsələnin elmi cəhətdən daha dərindən öyrənilməsinin, xüsusilə beynəlxalq elmi dairələrlə əməkdaşlıq kontekstində tədqiqatların genişləndirilməsinin zəruriliyini qeyd ediblər. Diskussiya zamanı iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Sonda rektor akademik Urxan Ələkbərov dəyirmi masa çərçivəsində aparılan elmi müzakirələri ümumiləşdirərək, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin dövlətimizin strateji hədəflərinə uyğun şəkildə elmi-tədqiqat və maarifyönlü fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb, Mərkəzin fəaliyyətinin milli maraqlara xidmət edəcəyinə və elmi cəmiyyətin bu istiqamətdə səfərbər olunacağına inamını ifadə edib. (AZƏRTAC)

Oxşar xəbərlər