Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi İsmayılzadə Şəhriyar Əkbər oğlunun doğum günüdür. O, 7 iyul 1994-cü ildə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb. Şirvan şəhər 12 saylı tam orta məktəbin 11-ci sinfini bitirib hərbi xidmətə yollanıb.
Şəhriyar İsmayılzadə 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsinə könüllü olaraq torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Cəbrayıl, Xocavənd, Füzuli və Şuşa şəhərlərinin alınmasında mərdliklə vuruşaraq şücaətlər göstərib.
Şəhriyar 2020-ci il noyabrın 8-də günorta saatlarında Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz noyabrın 10-da Şirvan şəhərində Şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İsmayılzadə Şəhriyar ölümündən sonra "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD