22.11.2024, 10:12
AZ EN
28.01.2022, 10:15 221

Qalib Azərbaycan gəncliyi

XƏBƏRLƏR

Türklərin Azərbaycanda da məşhurluq qazanan “Hababam sinfi” filmində maraqlı bir səhnə var. Nadinc uşaqlar Atatürkün “Türk gəncliyinə xitab”ını söyləyə bilmirlər. Cəmi beş-on cümlədən ibarət olan bu mətni bilməmələri müəllimi əsəbiləşdirir, o, inzibati ölçü götürmək üçün məktəb rəhbərliyini auditoriyaya çağırır. Rəhbərlik gələndən sonra bütün uşaqlar ayağa qalxıb böyük liderin gəncliyə müraciətini xorla əzbər söyləyir. Müəllim çaş-baş qalır və vəziyyəti heç cür izah edə bilmir.

Film tamaşaçıya belə bir mesaj ötürür: biz tənbəl, savadsız və nadinc ola bilərik, lakin bu xitabı bilməyəcək qədər cahil deyilik!

Gənclik xalqın vuran ürəyi, azadlıq və müstəqillik isə onun müqəddəratıdır. Atatürk öz xitabında türk xalqının müqəddəratını türk gəncliyinə əmanət edir. Bu, həm xalqa, həm gəncliyə verilən ən yüksək qiymətdir və bütün dünya xalqlarına örnək sayıla bilər.

Belə bir deyim var. 20 yaşda inqilabçı deyilsənsə ürəyin, 50 yaşda mühafizəkar deyilsənsə, başın yoxdur. Əslin­də, atalar-oğullar problemi bu sadə deyimi şüuraltı qəbul etməməkdən doğur. Gənclik təmiz və çılğındır. İnsan hər yaşın diktə etdiyi gerçəkliyi doya-doya yaşamalıdır. Lakin bu təfər­rüat azadlıqları ümumi intellektual nəzarət içərisində həyata keçirilməlidir. Yoxsa, misal üçün, əyləncə ilə əyyaşlığın, azadlıq ilə özbaşınalığın sərhədlərini itirə bilərik.

Bu oxşar kateqoriyalar dini-mental dəyərlər və arxetiplərlə deyil, qanunlarla müəyyən olunur. Çünki dini-mental dəyərlər və arxetiplər çox spesifikdir, toplumdan topluma dəyişə, hətta bir-bi­rini inkar edə bilir, qanunlarsa qlobaldır, nəinki bir ölkədə, bir materikdə, hətta bütün dünyada yaşayan müxtəlif insanlar üçün ən unikal ortaq dəyərdir. Qanun həm də mədəniyyətdir. Biz azadlığımızı ətrafdakıların azadlıq sərhədlərini pozmadan yaşamağa başladığımız an mədəniyyət daşıyıcısına çevrilirik.

Sürətlə qloballaşan dünyamızda hələ də tamam fərqli talelər yaşayan gənclər vardır. Azərbaycan gəncləri kimi... Gö­rü­nür, elə bu səbəbdən Ümummilli Li­der Heydər Əliyev məxsusi olaraq mil­li gənclər günümüzün təsis edilməsi haq­qında sərəncam imzalamışdı. Söh­bət 1997-ci ilin 2 fevralından gedir. Am­ma Gənclər günü bir il əvvəldən, yəni 1996-cı ildən qeyd olunmağa başlamışdı.

Maraqlıdır ki, dünya bizdən bir il sonra - 1998-ci il ildə Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-ni Gənclər günü elan etdi.

1994-cü ildə isə dövlətin gənclərlə bağlı siyasətini daha dolğun və yubanmadan həyata keçirmək üçün Azər­bay­canda Gənclər, İdman və Turizm Nazir­liyi yaradıldı. Bundan əlavə ayrı-ayrı dövlət orqanlarının gənclərlə bağlı xüsusi proqramları vardı. Eyni sahə üzrə çox­saylı qeyri-hökumət təşkilatları, müx­təlif qurumlar və mətbuat orqanları fəaliyyət göstərirdi. Gənclər günü rəs­mən təsis ediləndən bugünəcən Azərbaycanda gəncliyin problemləri və inkişaf perspektivləri ilə bağlı çoxsaylı yerli və beynəlxalq forumlar, görüşlər, müx­təlif mədəni-ictimai tədbirlər həyata keçirilib.

Gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini, mövcud potensiallarının üzə çıxarılmasını təmin etmək məqsədi ilə Bakı Gənclik Mərkəzi də yaradıldı və 13 dekabr 2018-ci ildə təntənəli açılış mərasimi keçirildi.

Azərbaycan dövləti gəncliyə qarşı hə­mişə həssas olub və bu uğurlu siyasət bu gün də davam etdirilir. Dövlət idarələrində kadrların gəncləşdirilməsi də mütərəqqi təşəbbüslərin tərkib hissəsidir.

Lakin hər şey bu qədər asan başa gəlməyib. Gənclər gününün təsis edildiyi o illəri bir daha xatırlasaq, ölkəmizi ağır sınaqlarla üz-üzə görəcəyik. Sosial-siyasi böhran hər yanı bürümüş, torpaqlarımızın 20 faizi işğal edilmişdi. Bunun ən böyük zərbəsi gəncliyimizə dəyirdi. Onlar rahat yaşamaq, rahat təhsil almaq imkanlarını itirmişdilər.

Biz gəncliyimizə ağır miraslar qoymuşduq. Heç olmasa, onları düzgün istiqamətləndirərək son borcumuzu yerinə yetirməli idik. Qarşıda böyük sınaqlar vardı. Bizi tale yüklü məsələlər gözləyirdi.

Bütün çətinliklərə baxmayaraq Azərbaycan gəncliyi gələcəyə inamla addımladı. Büdrədi, axsadı, lakin yıxılmadı. Çadır şəhərciklərində dünyanın ən nüfuzlu ali məktəblərində qəbil olunan övladlarımız yetişdi. Həmişə böyük istedadlar yetirən torpağımız yenə də cəmiyyətin bütün sahələrinə böyük şəxsiyyətlər bəxş etdi: siyasət və diplomatiya, iqtisadiyyat və idman, təhsil və səhiyyə, elm və mədəniyyət, vətəndaş cəmiyyəti və qeyri-hökumət sektoru və s.

Ən nüfuzlu idman yarışlarından tutmuş Avroviziya mahnı müsabiqəsinəcən bayrağımızı göylərə ucaldan çoxsaylı Azərbaycan gənci formalaşdı. Bizi tək diplomatiyada deyil, bütün sahələrdə tanımağa, qəbul etməyə və saymağa məcbur qaldılar.

Ölkəmiz müdhiş 90-cı illərdən bu yana ordu quruculuğunda da böyük uğurlara imza atdı. Mərkəzləşmiş komandanlığı olmayan beş-on könüllü dəstədən ən müasir silahlarla təmin edilmiş güclü nizami orduya qədər uğurlu bir yol keçdik.

Hamımıza məlumdur ki, istənilən sahəni inkişaf etdirmək üçün oraya vəsait ayırmaq və ciddi mütəxəssislər cəlb etmək kifayətdir. Lakin inqilabi nəticələr üçün bu, kifayət etmir. İllah da ordu kimi həssas sahədə. Burada Vətən sevgisi olmazsa-olmaz zərurətə çevrilir.

Biz evlərimizdə, məktəblərimizdə, iş yerlərimizdə gənclərimizə bu sevgini aşılaya bildik. Əks halda, Qarabağı, Şərqi Zəngəzuru görməyən gənclər Şuşa qayalarına dırmaşıb düşmənlə əlbəyaxa döyüşə girə bilməzdi.

Öz ölkəsini tanımaq, onunla bağlı əsl gerçəkləri bilmək və qəlbində bu həqiqətdən doğan sevgi yaşatmaq gəncliyin ən ali məqsədi olmalıdır.

44 günlük müharibə gənclərimizin vətən sevgisinin əyani sübutuna çevrildi. Biz bütün dünyanı heyran qoyduq. Hətta özümüz özümüzün belə bir potensiala sahib olduğumuza inana bilmirdik.

Azərbaycan gəncliyi Azərbaycan uğ­runda qurban getməyi bacardı və bu hə­rəkəti ilə üzümüzü ağ, başımızı uca elədi.

Qardaş Türkiyənin müdafiə naziri Hulusi Akarın aşağıdakı sözləri isə hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur: “Mən azərbaycanlı qardaşlarımın Şuşa döyüşü ilə qürur duyuram!”

Hər bir böyük qələbə fədakarlıq istəyir. Biz ölümün üzünə dik baxan igid və qəhrəman gənclərimizin sayəsində uzun illərdir təhdid altında qalan ərazi bütövlüyümüzü təmin edə bildik. Bundan sonra Azərbaycan gəncləri işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri ilə məşğul olacaq. İndən belə o torpaqlarda daha xoşbəxt, qayğılardan uzaq bir nəsil yetişəcək.

Şərif AĞAYAR

Oxşar xəbərlər

SON XƏBƏRLƏR