20.06.2025, 15:37
AZ EN
20.06.2025, 09:01 485

Onun adı Turan idi…

XƏBƏRLƏR
  • Turanın cəmi 19 yaşı vardı. İstedadlı bir gənc idi. Bütün arzuları ilə birgə özünü Vətənə fəda elədi. Özünün dediyi kimi, qəhrəman oldu, Zəfər tarixini yazanlardan biri kimi adı şanlı tariximizə əbədi həkk edildi…

Bu gün qəhrəman şəhidimiz Turan Vidadi oğlu Şərifovun doğum günüdür. O, 2001-ci il iyunun 20-də Bakı şəhərində dünyaya göz açıb. 135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsil alıb. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi idi. Turan Gəncə şəhəri "N" saylı hərbi hissədə Vətənə xidmət edirdi.

Turan Azərbaycan əsgəri kimi 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində 40 gün savaşıb. Onun son döyüşü 2020-ci il noyabrın 5-də Laçın istiqamətində olub. Ordumuzun mərd əsgəri Turan Şərifov qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla 2-ci Fəxri Xiyabanda dəfn edilib. 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən şəhid əsgər Turan Vidadi oğlu Şərifov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Qardaşı Tural deyir ki, Turan uşaqlıqdan diqqətcil idi. Həm də zarafatcıl. Heç vaxt bilərəkdən heç kəsin xətrinə dəyməyib. Düşünmədən iş görməzdi. Mən onun böyük qardaşıyam, amma elə bil, o məndən böyük idi. Bir iş görəndə onunla məsləhətləşərdim. Ürəyim sıxılanda "Ürəyini sıxma, həmişə sənin yanındayam." deyərdi. Hələ kiçik yaşlarından Qarabağın adı dilindən düşməzdi. O həm də musiqiçi idi. İlk oxuduğu mahnılar "Qarabağ Şikəstəsi”, "Sarı Gəlin" olub. Qardaşımın musiqiçi olmasında ən böyük səbəbkar anam idi. Turanın səsinin musiqiyə uyğun olduğunu o kəşf etmişdi. Sonra Turan 8 yaşında anamın təşəbbüsü ilə Bakıda yerləşən Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbinə daxil oldu. Bir çox tədbirlərdə iştirak edib. Şəxsən özüm də o tədbirlərdə tamaşaçı qismində iştirak etmişəm. Arada iş yerimə gələrdi. Onun gəlişi ilə bütün yorğunluğum keçib gedərdi…

Son telefon danışığımızda müharibədən elə danışırdı ki, gülə-gülə, ruh yüksəkliyi ilə, elə bil kino çəkməyə gedib. Oğullar Qarabağı aldılar canları ilə. Bunları danışdıqca, qardaşımın şəklinə baxdıqca o anı yaşayıram. Elə bil yanımdadı. Daha sonra gözümü şəkildən çəkəndə reallıqla üzləşirəm. Həyatda olmadığını dərk edirəm və sonra... Sonrası mənə qalsın. Allah bütün şəhidlərimizin şəhadətini qəbul etsin...

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Turan balamız!

Mina RƏŞİD  

Oxşar xəbərlər