21.06.2025, 02:06
AZ EN
10.06.2025, 10:09 320

Bu gün şəhid Ayaz İbrahimovun doğum günüdür

XƏBƏRLƏR
  • Ayazın bütün doğmaları məzarı başında onunla qürur duyduqlarını bildirdilər. Söylədilər ki, oğul Vətən üçündür və Şəhid adı adların ən üstünüdür... 

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Ayaz Sultan oğlu İbrahimovun doğum günüdür. O, 1998-ci il iyunun 10-da Naxçıvan Muxtar Respublikası, Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2004 – 2015-ci illərdə orta təhsil alıb. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra Vətən sevgisi ilə yenidən ordu sıralarına qayıdıb. Belə ki, 2018-ci ildə Naxçıvan XTQ-də MAXE HQ olaraq Vətənə xidmətə başlayıb. Xidməti dövründə xüsusi təlimlərdən müvəffəqiyyətlə keçib.

Vətən Müharibəsinə Naxçıvandan gələn XTQ heyətinə qoşulan Ayaz İbrahimov 20 gün ön cəbhədə vuruşub. Şuşa şəhərinin azad olunmasında iştirak edərək şücaətlər göstərib. 9 noyabr 2020-ci ildə döyüşlərdə ağır qəlpə yarası alaraq qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Ayaz İbrahimov noyabrın 13-də doğulduğu Babək rayon Məmmədrza Dizə kənd məzarlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İbrahimov Ayaz ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli Vətənə Xidmətə görə" ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər