09.06.2025, 16:40
AZ EN
30.09.2022, 13:48 219

Bu gün kinorejissor Lətif Səfərovun doğum günüdür

XƏBƏRLƏR
  • Kinorejissor, aktyor, ssenarist, Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov 30 sentyabr 1920-ci ildə Şuşada anadan olub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdə şəhərinə qayıdıb. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Sonra yenidən Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.

O, 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən dərs alıb. Müharibənin başlanması səbəbindən təhsili yarımçıq qalıb. 1941-1945-cı illərdə Bərdə şəhərində müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya geri dönərək təhsilini davam etdirib.

L.Səfərov 1955-ci ildə "Sevimli mahnı" ("Bəxtiyar") filmini çəkməklə böyük kinoda ilk sözünü deyib. Sonra "Qızmar günəş altında", "Leyli və Məcnun" kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirib. 1959-cu ildə “Şərəf” ordeni ilə təltif edilib. O, xalq artisti Şövkət Ələkbərovanın həyat yoldaşı idi. Bəşir adlı bir oğlu var. Lətif Səfərov 1963-cü il dekabrın 9-da 43 yaşında ov tüfəngi ilə intihar edib.

Azərbaycan Dövlət Film Fondunda onun şəxsi arxivi yaradılıb.

Mina RƏŞİD

Oxşar xəbərlər