Tədbirdə Nizami adına Ədəbiyyat İnstitutun elmi katibi, tənqidçi Aygün Bağırova, Tarix Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, müəllimlər, şəhid ailələri, yazıçı və şairlər iştirak ediblər.
Təqdimatda çıxış edən Aygün Bağırova bildirib ki, kitab tək Zəfərdən bəhs etmir, həm də qələbəyə gedən yollara müxtəlif yazılarla işıq tutur. O, Sevinc Nuruqızının bir yazıçı kimi Vətənin ağrısını, Qarabağ dərdini öz taleyinə çevirə bildiyini vurğulayıb. Bildirib ki, yazıçı “Zəfər nəğməsi Şuşa” kitabı ilə bir salnamə, yeni bir dastan yaradıb.
Şəhid Bilal Qəmbərovun anası Gültəkin xanım müəllifin bir şəhid anası kimi ona olan səmimi münasibətindən danışıb. O, şəhid olmuş övladına və onun yadigarı Nazlı qızına həsr edilən “Şəhadətin zirvəsi Vətən” əsərindən və yazıya çəkilmiş illüstrasiyalardan razı qaldığını bildirib.
Yazıçı Narıngül Nadir çıxışında Sevinc Nuruqızının əsərlərilə ölkə hüdudunu aşaraq yeni oxucu auditoriyası qazandığından danışıb.
Şair Şəfəq Sahibli də, müəllifin əsərləri ilə çoxdan tanış olduğunu bildirərək, həmin yazıların dəyərindən söhbət açıb.
Qeyd edək ki, kitabda bir-birindən maraqlı müxtəlif janrda olan 22 əsər toplanıb.
Mina RƏŞİD