19.10.2024, 18:44
AZ EN
21.09.2022, 13:30 435

Ad günün mübarək, şəhidim!

XƏBƏRLƏR
  • Bu gün Silahlı Qüvvələrimizin giziri, tankçı şəhid Abbasov İntiqam Yavər oğlunun anım günüdür. O, 1978-ci ilin sentyabr ayının 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. 1985-1995-ci illərdə kənddə S.Rəhimov adına orta məktəbdə təhsil alıb. 1996-cı il oktyabrın 9-da Masallı rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 1999-cu il may ayının 12-dən ehtiyata buraxılıb. Uşaqlıqdan hərb sənətinə marağı onu 2000-2001-ci illərdə "PDM-2" ixtisası üzrə gizirlik kursuna gətirib çıxarıb. 2001-ci il martın 14-də "N" saylı hərbi hissənin tağım komandiri kimi gizir rütbəsində xidmət etməyə başlayıb. 2014-cü il martın 8-də "PDM-3" komandiri, həmin il sentyabrın 27-də "ZTR-82A" komandiri vəzifəsində xidmət edib.

Gizir İ.Abbasov 2016-cı il Aprel döyüşlərinin fəal iştirakçısı kimi şücaətlər göstərib. 2017-ci ildə ona baş gizir rütbəsi verilib. Xalqımızın mərd oğlu İkinci Vətən savaşında da öndə olub. O, Füzuli istiqamətində gedən döyüşlərin ən fəal iştirakçılarından biri idi. Sentyabrın 29-da elə həmin döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Doğma kəndlərində böyük el məhəbbəti ilə torpağa tapşırılıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Tankçımız, baş gizir İ.Abbasovun iki övladı yadigar qalıb. Qızı Xədicə və oğlu Əli bu gün atalarını göz yaşlarıyla, həm də böyük qürur hissi ilə xatırlayırlar.  

Xədicə deyir ki, atam məzuniyyətə mən ali məktəbə daxil olandan sonra 

çıxmaq istəyirdi. Çünki mən şəhəri yaxşı tanımırdım və biz ali məktəbə birlikdə gedəcəkdik. Atam mənim ali məktəbə qəbul edildiyimi eşitdi və çox sevindi. Ancaq gəlib mənimlə məktəbə gedə bilmədi. Atam qayıtdı, düzdü, amma bayrağımıza bükülmüş tabutla birgə gəldi... Mən sanki əvvəlcədən bunu hiss edir, amma bəd fikirləri özümdən uzaqlaşdırmağa çalışırdım. Düşünürdüm ki, yox, mənim atam çox güclüdür, ona heç nə olmayacaq. Atam gözlərimdə bir dağ kimi böyük idi. Ona nəsə olacağına inanmaq istəmirdim...

Əli: “Atam uşaqlıqdan bizi çox istəyirdi. Evdən çıxanda bizi öpərdi. Mən həmişə onunla fəxr edərdim. Sinif yoldaşlarıma atamdan qürurla danışardım. Mən elə indi də, atamla fəxr edirəm, çünki o qəhrəmandır!”

Beləcə övladlarının qəlbində bir ata kimi ömürlük taxt quran, Vətən uğrunda savaşaraq, ən uca zirvəyə - şəhidlik məqamına ucalan tankçı, baş gizir Abbasov İntiqam Yavər oğlunu biz də böyük bir sayğıyla anır, ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin.

Mina RƏŞİD

Oxşar xəbərlər