Bu gün müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün ildə heç olmasa bircə gündə - 21 sentyabrda dünyanın bütün insanlarının bir araya gəlməsi və sülhə səs verməsi arzulanır. Ənənəvi olaraq Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. 2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb. “Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur”, - deyə Baş katib dünyanı bir daha sülh uğrunda səyləri birləşdirməyə səsləyib.
Bu gün dünyanın dörd bir tərəfində müharibələrə səbəb olan, müxtəlif münaqişələrin baisi missionerlər, araqızışdıranlar, bəllidir ki, heç bir sülh çağırışına məhəl qoymurlar. Onlar həmişə dostluğa, qardaşlığa, bir sözlə, ədalətə mane olur, dünyanın sakit düzənini pozmağa çalışırlar. Bir çox ölkələr kimi biz də ədalətsiz müharibələrdən, çox əziyyət çəkdik. Elə bu gün də, başımızın üzərindən qara buludlar çəkilib getmir… Dövlətimiz 30 ilə yaxın öz dədə-baba yurdumuz olan torpaqlarımızı sülh yolu ilə azad edilməsinə çalışdı. Amma üzdə sülhə çağırış edən dünya gücləri buna imkan vermədi. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də düşmənin öz əli ilə başladığı müharibə noyabrın 9-da haqqın təcəlləsi ilə başa çatdı. Azərbaycan öz əzəli torpaqlarını azad edərək Zəfər qazandı. Vacib qərarlar qəbul edildi. Həmin vaxtdan 2 ilə yaxın vaxt keçdiyi bir zamanda Erməniastan öz bədxah havadarlarının dəstəyi ilə yenidən sərhəd boyu münaqişəyə başladı. Nəticədə Azərbaycan Ordusu 70-dən çox qəhrəman oğlunu itirdi, 300-ə yaxın yaralımız var. Düşmənin itgiləri isə bizimkindən daha çox oldu. Görünən odur ki, düşmən öz çirkin niyyətindən əl çəkmir və regionda sülh prosesinə hər vasitə ilə mane olmağa çalışır.
Düşmən tapdağından azad edilmiş və “ağıllı kənd” konsepsiyası ilə yenidən inşa edilən Zəngilanın Ağalı kəndinin təməlqoyma mərasimində səmaya buraxılan ağ göyərçinlər bütün dünyaya ünvanlanan bir sülh mesajı idi. Sonra tikinti zamanı da ağ göyərçinlər bir simvol kimi yenə unudulmadı. Bəli, biz sülh istəyirik! Yurdumuzun bir qarışına belə göz dikən düşmən bundan əvvəl olduğu kimi yenə də Dəmir Yumruqla üz-üzə gələcəyini heç olmasa bundan sonra unutmamalıdır.
Mina RƏŞİD