09.06.2025, 00:56
AZ EN
12.02.2025, 10:26 280

Fariz Allahın mənə hədiyyəsidi...

XƏBƏRLƏR
  • Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid Fariz Həsənovun  həyat yoldaşı Əzizə Həsənova deyir ki, o​ oktyabrın 10-dan döyüşlərə qatılıb. Həmin gün evə gəlib bizimlə vidalaşdı. İstiqamətlərinin Füzuli, ya da Murovdağ olacağını dedi. Sağollaşanda iki balasını ona tapşırıb. Bildirib ki, övladlarımızı heç kimə etibar etməsin. Onlara həm ata, həm ana olsun. Şəhid olarsa ağlamasın, heç kimin qarşısında əyilməsin. Uşaqların ali təhsil almasını istəyirdi. Arzusu o idi ki, oğlu böyüyəndə  general, qızı isə diş həkimi olsun.

“Mən Farizin şəhid olduğunu yuxuda görmüşdüm. Gördüm ki, tabutu həyətə gətiriblər. Tabutu açdım, o durdu ayağa və dedi ki, ölməyib, mənimlə zarafat edir. O, tank əleyhinə idarə olunan raketlə döyüşürdü. Döyüş yoldaşlarının bildirdiyinə görə, raketlə 30 erməni hərbçisini və iki nəfər zabiti öldürüb. Biz 8 il idi ailə qurmuşduq. O, bu müddətdə Qazaxın Kəmərli kəndində xidmət edib. Ruslan və Sevinc adında iki övladımız var".

Əzizə xanım deyir ki, Fariz əsgərlərini gözbəbəyi kimi qoruyurdu. Həmişə fikri öz işində olardı. O bir hərbçi kimi ölümünü çiynində daşıyırdı. Hərbçi ilə ailə quranda gərək bunu gözə alasan. Fariz mənə Allahın bir hədiyyəsi idi. Şəhidlər yeni tarix yazdılar. Uşaqlar atalarının yazdığl tarixi öyrənəcəklər. İndi onun otağı sanki bir tarix muzeyidi, uşaqlarına onun yoxluğunu yox, varlığını aşılamağa çalışıram... 

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, çavuş Fariz Şahin oğlu Həsənovun doğum günüdür. O, 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmət etməyə başlamışdı...

Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Füzuli rayonu ərazisində çiynində tank əleyhinə idarə olunan raketlə düşmənin çoxlu sayda hərbi texnikasını, 50-dən artıq hərbçisini və 2 hərbi vəzifəlisini məhv edib.

Çavuş Fariz Həsənov 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Dağ Kəsəmən kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər