17.12.2024, 20:48
AZ EN
17.12.2024, 12:00 160

ADNSU-da “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İrəvan Şəhər İcmasının sədri, filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının təqdimatı keçirilib.

Bu barədə universitetdən məlumat verilib. Tədbiri açan ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov kitabın İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və tanınmış şəxsiyyətləri haqqında ətraflı məlumat verən geniş bir tədqiqat əsəri kimi dəyərli mənbə olduğunu deyib.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu, akademik Abel Məhərrəmov, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərli, tibb elmləri doktoru, professor Paşa Qəlbinur və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin eksperti Səməd Vəkilov gündən-günə aktuallaşan mühüm bir mövzuda dəyərli elmi-nəzəri əhəmiyyəti olan kitab ərsəyə gətirdiyi üçün müəllifi təbrik ediblər, İrəvanın zəngin tarixi, çoxəsrlik mədəni irsi və orada yetişmiş tanınmış şəxsiyyətləri haqqında ətraflı məlumat verən dəyərli bir tədqiqat əsəri kimi kitabın əhəmiyyətindən danışıblar.

Çıxışçılar bildiriblər ki, İrəvan şəhərinin tarixi və şəxsiyyətləri haqqında məlumatların toplanması, sistemləşdirilməsi və nəşr edilməsi yalnız tarixi faktların qorunub saxlanılması üçün deyil, həm də gələcək nəsillərin milli-mənəvi dəyərləri daha dərindən öyrənməsi baxımından böyük əhəmiyyət daşıyır. Onlar, həmçinin belə tədqiqatların yerli və beynəlxalq səviyyədə təbliğinin zəruriliyini qeyd edib, İrəvanın tarixi mirasının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması baxımından əvəzsiz rol oynadığını vurğulayıblar.

Sonda çıxış edən müəllif Fəridə Səfiyeva “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabının Prezident İlham Əliyevin alimlərə çağırışına cavab olaraq yazıldığını vurğulayıb. O, kitabın Qərbi Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğ edilməsi istiqamətində dövlətimizin gördüyü genişmiqyaslı işlərin tərkib hissəsi olacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunmuş “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabı ötən əsrdə Qərbi azərbaycanlıların deportasiyaları zamanı İrəvanda baş vermiş hadisələrdən və şəhərin tanınmış şəxsiyyətlərindən bəhs edir. (AZƏRTAC)

Oxşar xəbərlər