Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Nadir Elçin oğlu Abbasquliyevin doğum günüdür. O, 6 dekabr 1995-ci ildə Gəncədə anadan olub. 2001-ci ildə 16 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2012-ci ildə isə 38 nömrəli tam orta məktəbi bitirib. Nadir 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini şərəflə başa vurduqdan sonra Gəncə şəhər Heydər Əliyev Park-Kompleksində mühafizə xidmətində çalışıb. Vətən müharibəsi zamanı o yenidən ordu sıralarına qatılıb.
Azərbaycan Ordusunun əsgəri olan Nadir Abbasquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.
Nadir Abbasquliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nadir Abbasquliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimizin adına doğma Gəncədə bulaq kompleksi inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü qəhrəman şəhidim!
Mina RƏŞİD