Peşə bayramının dekabrın 6-da qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.
Azərbaycanda rabitə sahəsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb.
Rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə təsadüf edir. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə, 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdir. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. 1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda – köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Həmçinin 90-cı illərdə Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başlamış, ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənmiş, Azərbaycanın internet seqmenti genişlənmişdir.
Respublikada rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunun hazırkı sürətli inkişafı ümummilli liderin kursunu davam etdirən ölkə prezidenti İlham Əliyevin şəxsi diqqəti və qayğısı nəticəsində əldə olunmuşdur. 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanmışdır. Həmin ilin noyabrında illik “Bakutel” sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilmişdir. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.
Hazırladı: Mina RƏŞİD