19.12.2024, 10:28
AZ EN
27.11.2024, 09:47 288

İnadından dönməyən qəhrəman döyüşçü...

XƏBƏRLƏR
  • Babək dərslərini yaxşı oxuyurdu. 9-cu sinifi başa vurduqdan sonra Sumqayıtdakı texniki kollecə daxil olmuşdu. Amma sonra ixtisası üzrə iş tapmaqda çətinlik çəkdi. Babəkin atası Birinci Qarabağ Müharibəsinin iştirakçısı idi. Hərbi sahəyə həvəs ona qandan keçmişdi. Odur ki, Babək hərbçi olmaq qərarına gəlir, ancaq imtahan zamanı qaçışda 2 saniyə gecikdiyinə görə onu geri qaytarırlar. İnadından dönməyən Babək tezliklə Naxçıvanda təlimlərə qatılır və bütün imtahanlardan uğurla keçir. O, hətta Türkiyə ilə birgə keçirilən hərbi təlimlərdə atıcılıq üzrə birinci olur.

Şanlı Vətən Müharibəsində hər yeni kəndimizin işğaldan azad edilməsi xəbərini atasına çatdıran gənc döyüşçü özünü xoşbəxt sayır. Deyirdi ki, ata, düşməni iti qovan kimi qovuruq. Atası da həmin anlarda tez televizorun qarşısına geçir və illərdi arzusunda olduğu xəbərləri canlı izləyirdi. Babək axırıncı dəfə Xocavənd alınanda zəng edib deyir ki, ata, bax, 11 leşin üzərində durub səninlə danışıram. İndi də “Şuşa xalagilə” gedirik. Sonra da atasından halallıq istəyir və ondan xahiş edir ki, iki şəklini böyütdürüb evə qoysun, şəhid olsa başdaşına ayaq üstə olan şəklini həkk eləsinlər...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, XTQ əsgər Babək Süleyman oğlu Mahmudlunun doğum günüdür. O, 27 noyabr 1995-ci ildə Biləsuvar rayonunda Birinci Qarabağ müharibəsi veteranı Süleyman Mahmudovun ailəsində dünyaya göz açıb. 2011-ci ildə Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Babək Sumqayıt Texniki Kollecinə qəbul olunub. Orta ixtisas üzrə aldığı təhsili başa vurduqdan sonra Vətənə borcunu vermək üçün hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə nümunəvi, intizamlı, vətənpərvər əsgər kimi komandirlərinin, şəxsi heyətin hörmətini qazanıb. Vətənə layiqincə  xidmət etdikdən sonra doğmalarının yanına qayıdıb. Sonra Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində hərbi xidmətini davam etdirmək məqsədilə qəbul olunmuş qaydalara müvafiq imtahan verib. İmtahandan yüksək nəticələr əldə edən Babək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmətini davam etdirib. Manqa komandiri Babək Mahmudlu xüsusi kursu da uğurla başa vurub. Naxçıvanda keçirilən Türkiyə və Azərbaycan birgə hərbi təlimlərində atıcılıq yarışlarında birincilik qazanıb.

27 sentyabr 2020-ci ildə erməni təxribatı ilə başlayan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Babək Mahmudlu döyüşə atılıb. Onun erməni işğalçılarına qarşı ilk döyüşləri Cəbrayılda olub. Babəkin döyüş yolu Cəbrayıldan Zəngilana, Qubadlıya, Xocavəndə, Şuşaya qədər uzanıb. Ağır keçən döyüş əməliyyatlarında Babək şücaətlər göstərərək xeyli sayda düşmən qüvvəsini məhv edib.

 Oktyabrın 31-də Şuşa uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Mahmudlu Babək Süleyman oğlu noyabrın 1-də Biləsuvar rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Babək Mahmudlu döyüşlərdə göstərdiyi cəsarət və hünərə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhid Babək Mahmudlunun yaşadığı küçə indi onun adını daşıyır. Türkiyə Cümhuriyyətində "Palmali"nin yeni gəmilərindən birinə "Babək Mahmudlu" adı verilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər