Bunu müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.
Onun sözlərinə görə, beş gün fərqlə Zəngilan və Qubadlıya daxil olan Azərbaycan Ordusunun növbəti istiqaməti artıq Şuşa idi: "Noyabrın 1-dən Azərbaycan xüsusi təyinatlıları Şuşa ətrafında idilər. Məlum olduğu kimi, müharibədə əsas, köməkçi və aldadıcı hücum istiqamətləri var. Şuşa döyüşləri zamanı tətbiq edilən hücumun məqsədi Şuşanın ətrafında olan Daşaltı kəndində düşmən birləşməsini aldadıcı hücum istiqaməti kimi yanıltmaq, qüvvələrini həmin istiqamətə yığmaq idi. Artıq noyabrın 1-də Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələr mənsubları Topxana meşəsində olan 1553 yüksəkliyini işğaldan azad etməklə vizual olaraq Şuşaya müşahidəni təşkil etdilər. Noyabrın 5-6-da XTQ mənsubları Şuşaya bir neçə istiqamətdən hərəkət etdilər. Şuşada şiddətli şəhər döyüşləri oldu.
Xüsusi təyinatlılarımız Şuşaya həm yüksək sıldırım qayalara dırmanaraq qalxdılar, həm də sızaraq düşmən arxasına keçib Laçın-Şuşa-Xankəndi yolunu bağladılar. Həmin yolun Laçın istiqamətində bağlanması Ermənistan ərazisindən Qarabağa gətirilə biləcək hərbi birləşmələr və texnikaların tam qarşısını aldı. Eyni zamanda, artıq Xankəndidən qalxan qüvvələrin qarşısı kəsildi. Şuşa şəhərində baş verən şiddətli döyüşlərdə şəhərdə olan bütün separatçı dəstələr tam məhv edildi. Noyabrın 8-də Şuşada üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Bununla da döyüş meydanındakı Zəfərə siyasi Qələbə də əlavə olundu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə bir güllə atılmadan Ağdam Kəlbəcər və Laçın kimi strateji rayonlarımız işğaldan azad olundu. Ali Baş Komandan müharibənin gedişində xalqa müraciətlərindən birində "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" demişdi. Həqiqətən də istər müharibə, istərsə də postmüharibə dövründə Ali Baş Komandanın müdrikliyinin bir daha şahidi olduq. Qısa müddətdə Azərbaycan Ordusu böyük əraziləri işğaldan azad etdi. Növbəti - 2021-2022-ci illərdə dəfələrlə düşmən təxribatlarının şahidi olduq. 2022-ci ilin sentyabrında düşmən dövlət sərhədində təxribatlar törətdi. Bu zaman Azərbaycan hərbi qulluqçuları ayıq-sayıqlığı itirmədiyini bir daha göstərdi. 2023-cü ildə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun apardığı lokal antiterror əməliyyatı nəticəsində 24 saat tamam olmadan Ağdərə, Xocavəndin mərkəzi, Əsgəran, Xankəndi və qeyrət simvolu olan Xocalı işğaldan azad olundu. Bununla Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. Eyni zamanda, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə sentyabrın 20-də Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi.
Əldə etdiyimiz Şanlı Zəfərə görə qəhrəman şəhid qardaşlarımıza, qazilərimizə, döyüşçülərimizə borcluyuq. Artıq bizlər qalib xalqın qalib vətəndaşlarıyıq. Bu gün dövlətimiz Qarabağda böyük qayıdış prosesi həyata keçirir. Qarabağ cənnət məkana çevrilir. İnanıram ki, çox qısa müddətdə bütün məcburi köçkünlər öz ata baba yurduna qayıdacaq. Xalqımıza, dövlətimizə daimi Zəfər arzu edirəm". (AZƏRTAC)