06.11.2024, 08:57
AZ EN
31.10.2024, 10:39 262

Gedirəm o torpağı özüm almağa...

XƏBƏRLƏR
  • Qələndərin cəmi 19 yaşı vardı. Amma qəlbində, sözün həqiqi mənasında, bir qəhrəmanlıq ruhu daşıyırdı... Atası deyir ki, onu yola salanda dedi ki, gedirəm o torpağı özüm almağa. Döyüşlər başlayandan 3-4 gün sonra zəng elədi və dedi: “Ata, görürsən torpağı alan oğul necə alır?” Atası bunları danışdıqca üzü-gözü işıqlanır və doğma igid balası ilə fəxr eləyir. Qələndər doğrudan da fəxr edilməli bir oğuldu. Belə ki, o, döyüşlərdə yaralansa da, müalicədən imtina edərək yoldaşlarından ayrılmır və Füzulidən Suqovuşana qədər neçə zirvəni fəth eləyir... Bir dəfə anasına zəng edəndə deyir ki, mənə hallalıq verin. Hiss edir ki, sözləri anasının qəlbinə çox toxunur. Tez başlayır onun könlünü almağa... İndi anasına nə qədər çətin olsa da, qəhrəman övladı ilə fəxr edir. Deyir ki, balam yuxuma gələndə çox sevinirəm...

Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Qələndər Alıyevin doğum günüdür. O, 31 oktyabr 2001-ci ildə Sabunçu rayonunda anadan olub. Əslən Borçalının (Gürcüstanın Bolnisi rayonu) Darbaz kəndindəndir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbini bitirmişdi. Qələndər Alıyev 2020-ci ilin yanvarın 8-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Qələndər Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. O döyüşlərə Füzuli istiqamətindən başlayır. Sonra Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur.

10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhadətə ucalır. Uzun müddət nəşi neytral zonada qaldıqdan sonra nəhayət 28 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda torpağa tapşırılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Qələndər Alıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü qəhrəman Qələndər balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR