Bunu “Environmental Protection First” Koalisiyasının üzvü, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bəyan edib:
“Bu ilin mayında “Ermənistan Respublikasının mineral xammal resursları” adlı 3 dildə - azərbaycan, ingilis və erməni dillərində hazırladığımız xəritəni ictimaiyyətə təqdim etdik. Koalisiyamız Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirir. Bizim heç bir sorğumuza, müraciətimizə Ermənistan hökuməti cavab verməyib. Ermənistanda bu sahədə işləyən şirkətlər də müəyyən edilib. Onlara da müraciətlərimiz cavabsızdır. Amma biz bir gün də olsun dayanmamışıq. “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə bizə bu istiqamətdə fəaliyyəti genişləndirməyə imkan verdi. “Azərbaycan Kartoqrafları” İctimai Birliyi Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətini ifşa edən interaktiv elektron xəritə üzərində işləyir”.
İnteraktiv xəritə 3 dildə tərtib ediləcək (azərbaycan, ingilis və erməni dillərində), klikləmə üsulu ilə xəritə üzərindəki obyektlər haqqında ətraflı məlumat almaq, həmin müəssisələrin foto və videoları ilə tanış olmaq mümkün olacaq. Kosmik fotolar da burada əksini tapacaq. O, deyib ki, Ermənistan hakimiyyəti “Ermənistan Respublikasının mineral xammal resursları” xəritəsinin yerli mediada yayılmasının qarşısını alır: “Biabırçı haldır ki, Ermənistan hakimiyyəti öz əhalisini ətraf mühitə vurduğu zərbə barədə informasiyalardan kənarda saxlamağa çalışır. “Environmental Protection First” Koalisiyasının ətraf mühit məsələlərinə dair açıqlamalarını və fəaliyyətini Ermənistanın TV kanalları, radioları, agentlikləri təqdim etmir, Ermənistanda bu informasiyaların verilməsinə hakim dairələrdən qadağa qoyulub. Koalisiyaya dəstək verən Ermənistan QHT-ləri isə “satqın” adlandırılır, Azərbaycana işləməkdə ittiham edilir”.
M.Bayramov onu da dedi ki, Ermənistan hakimiyyəti əhalidən bu məlumatları uzun müddət gizlədə bilməyəcəklər, interaktiv xəritə Ermənistan əhalisinin gözünü açacaq, onlar hansı vəziyyətə gətirildiklərini başa düşəcəklər.
Qeyd edək ki, “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 2023-cü ildə təsis olunub. Təşkilatın rəhbəri kartoqrafiya sahəsində 43 illik iş təcrübəsinə malik mühəndis-kartoqraf, “Azərbaycan Respublikasının Milli Atlası”nı, "Cənubi Qafqaz. 1903-cü il", “Qafqaz diyarının xəritəsi - Tiflis 1847-ci il” xəritələrini tərtib edən kartoqraf qruplarının rəhbəri Müqabil Bayramovdur. (APA)