19.10.2024, 16:42
AZ EN
28.09.2024, 09:10 148

Geoloq alimlər işğaldan azad edilmiş ərazilərdə radioekoloji tədqiqatlar aparırlar

XƏBƏRLƏR
  • Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Yerin radioaktiv sahələri şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Qubadlı, Zəngilan, Cəbrayıl və Kəlbəcər rayonlarında çöl-tədqiqat işləri aparıblar.

İnstitutdan bildirilib ki, çöl-tədqiqat işlərinə hazırlıq məqsədilə ilkin olaraq məsafədən zondlama (peyk) məlumatları əsasında hər dörd rayon üçün atmosfer radiasiyası, parlaqlıq temperaturu, Yer səthinin emissiyası, bitki örtüyünün nisbəti, torpaq səthinin temperatur dəyərləri hesablanaraq müvafiq xəritələr hazırlanıb.

Radioekoloji tədqiqatlar zamanı əvvəlcədən peyk məlumatları əsasında müəyyən edilmiş nöqtələrdən, həmçinin təsadüfi seçilmiş minalardan və digər partlayış təhlükəli sursatlardan təmizlənmiş tikililərdə və ərazilərdə qamma şüalanmanın ekvivalent doza gücü təyin olunub, torpaq səthində qamma-spektrometrik ölçmələr aparılıb, torpaq və su nümunələri götürülüb, qapalı və açıq məkanlarda, su mənbələrində radon qazının həcm aktivliyi müəyyənləşdirilib.

Tədqiqatlar zamanı götürülmüş süxur nümunələrinin laboratoriya şəraitində qamma-spektrometrik analizləri reallaşıb. Alınan nəticələr əsasında Qubadlı, Zəngilan, Cəbrayıl rayonları üçün qamma şüalanmanın ekspozisiya dozası gücünün paylanması və 226Ra, 232Th, 40K elementlərinin miqdarının şüalanmanın xüsusi effektiv aktivliyindən asılılıq qrafikləri qurulub.

Əldə olunmuş nəticələr əsasında 4 rayon ərazisini tam əhatə edən qamma şüalanmanın ekvivalent dozası gücünün yayılmasının elektron xəritələri tərtib edilib.

Geologiya və Geofizika İnstitutunun alimləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində radioekoloji tədqiqatları davam etdirməyi planlaşdırırlar. (AZƏRTAC)

Oxşar xəbərlər