Bu gün qəhrəman şəhidimiz çavuş Elgiz Nurəddin oğlu Salahlının doğum günüdür. O, 1992-ci il sentyabr ayının 11-də Beyləqan rayonunda anadan olub. Rayonun 1 nömrəli tam orta məktəbində 11 illik təhsil alıb. Daha sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra 2015-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq Vətənə xidmətə başlayıb. O, çavuş rütbəsində kəşfiyyatçı kimi xidmət göstərib.
Elgiz Aprel döyüşlərində Nərgiztəpə istiqamətində vuruşub. 2017-ci ildə sağlamlığı ilə əlaqədar işindən ayrılıb.
Elgiz Salahlı ailəsi ilə birlikdə Beyləqanda yaşayıb. Atası Nürəddin Salahov bazarda balaca kafe işlədir. Anası Afət Salahova isə çörəkçidir. Ailədə 2 qardaş olublar. Qardaşı Fariz ondan kiçikdir. Elgizdən geriyə qızı yadigar qalıb. 2016-cı ildə dünyaya göz açan qızının adını da özü qoyub – Dəniz.
Çavuş Elgiz Salahlı 2020-ci il sentyabrın 30-dan könüllü İkinci Qarabağ müharibəsinə qatılıb. O, döyüş yoldaşları ilə birlikdə oktyabr ayının 4-nə qədər Füzuli-Hadrut istiqamətində sürətlə irəliləyib. 27 yaralı əsgərin döyüş bölgəsindən çıxarılmasında Elgizin də xidməti danılmazdır.
Elgiz şəhid olmamışdan 3 saat əvvəl ailəsi ilə danışıb. Doğmaları bildirirlər ki, oktyabrın 6-sı səhər saat 9-da Elgiz ailəsi ilə telefonda danışdı, saat 12-də isə şəhid xəbəri gəldi. 12 gündən sonra da şəhid olması xəbəri dəqiqləşdi. Elgiz Salahlı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 18-i şəhidimizin nəşi doğulduğu Beyləqan rayonunun müqəddəs Cərciz Peyğəmbərliyində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Salahlı Elgiz Nurəddin oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları və
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD