“Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin 2003-cü ildən sonra Sizin tərəfinizdən bütün sahələr üzrə uğurla inkişaf etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Zati-alinizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizə - keçmiş məcburi köçkünlərə göstərdiyiniz hərtərəfli diqqət və qayğı bizi daim ruhlandırır. İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük haqq-ədalət müharibəsində qazanılan şanlı Qələbə isə bütün vətəndaşlarımızda böyük iftixar hissi yaratmışdır.
Hörmətli cənab Prezident, biz Laçın rayonunun Zabux kəndinin sakinləriyik. Doğma kəndimizin azad olunması üçün ortaya qoyduğunuz qətiyyətli mövqe bütün xalqımız kimi, bizi də çox qürurlandırdı. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin sakinlərinin doğma yurd-yuvalarına qaytarılması ilə bağlı bu yaxınlarda səsləndirdiyiniz fikirlər sevincimizi daha da artırdı. Buna görə kəndimizin bütün sakinləri adından Sizə minnətdarlıq edir, ölkəmizin uğurlu gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Məktubu kənd sakinləri adından Əşrəfov Telman Abduləli oğlu, İsmayılov Gündüz Kamil oğlu, Hüseynov Tahir Sabir oğlu, Dadaşova Şəfər Məhi qızı, Əliyeva Solmaz Bakir qızı və başqaları (cəmi 120 nəfər) imzalayıblar.