Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, kiçik çavuş Xudayət Vilayət oğlu Orucovun doğum günüdür. O, 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb.
Xudayət Orucov 2005-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi Vətənə xidmət etməyə başlayıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla doğma Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD