Mail Mahir oğlu Əzizov 2000-ci il avqustun 28-də Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirib və hərbi xidmətə yola düşüb. 44 günlük Şanlı Vətən Müharibəsi başlayanda Mail üç ay idi ki, hərbi xidmətini başa vurmuşdu.
Ordumuzun əsgəri olan Mail Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı kimi iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.
Mail Əzizov 2020-ci il oktyabrın 25-də də Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Lənkəran rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Mail Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün qəhrəman şəhidimiz Mail Əzizovun doğum günüdür. Şəhidimizin cənnətdəki doğum günü mübarək olsun, məzarı nurla dolsun.
Mina RƏŞİD