Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri, əslən Zəngilan rayonundan olan jurnalist Elməddin Muradlı deyib.
“2020-ci ildə Vətən müharibəsində qələbəmizdən və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra bütün ölkə ərazimizin suverenliyi təmin olundu. Bununla da yeni reallıqlar ortaya çıxdı”- deyən Elməddin Muradlı əlavə edib ki, artıq ölkəmizin bütövləşmiş ərazilərində ikinci dəfə seçkilər keçirilir.
"Azad olunmuş ərazilərdə seçkilərin keçirilməsi Azərbaycanın bu torpaqlardakı suverenliyinin və ərazi bütövlüyünün bərpa olunduğunu bir daha təsdiq edir. Torpaqlarımız işğal altında olanda ölkənin müxtəlif yerlərində seçki məntəqələrində səsvermə hüququmuzdan istifadə edirdik. İndi isə “Böyük qayıdış” proqramı əsasında azad olunmuş ərazilərimizə qayıdan sakinlər Şuşada, Füzulidə, Zəngilanda, Laçında, Xankəndidə və başqa azad olunmuş ərazilərimizdə səsvermə hüququndan istifadə edəcəklər. Sevindirici hal odur ki, azad olunmuş ərazilərimizdən deputat seçilmək istəyən namizədlər öz təşviqat kampaniyalarını elə həmin ərazilərdə keçirir. Yaxın zamanlarda Zəngilana səfərim zamanı bunun şahidi oldum. Qalib, günü-gündən inkişaf edən ölkənin vətəndaşları olaraq bütün suveren ərazilərimizdə seçkilərin keçirilməsi həqiqətən də qürurvericidir. Yeni seçiləcək deputatlar da bütün bu məqamlara diqqət edərək, vətəndaşların problemlərini Milli Məclisdə səsləndirməli, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməlidirlər”.
“Bu seçki prosesində biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşür, ölkəmizə qarşı dezinformasiyaların qarşısının alınması üçün fəal olmalıyıq”, - deyə jurnalist əlavə edib.