Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi, əsgər Emil Elman oğlu İsmiyevin doğum günüdür. O, 2001-ci il avqustun 7-də Ağdaş şəhərində anadan olub. Ağdaş şəhər 7 saylı tam orta məktəbdə təhsil alıb. Emil 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Emil İsmiyev də bir əsgər kimi iştirak edib. O, oktyabrın 9-da Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Ağdaşda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Emil İsmiyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Emil balamız!
Mina RƏŞİD