22.11.2024, 12:56
AZ EN
05.08.2024, 09:01 251

Bu gün Azərbaycan Respublikasının Hərbi Donanması Günüdür

XƏBƏRLƏR
  • Avqustun 5-i Azərbaycanda Hərbi Dəniz Qüvvələri Günüdür.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.

Azərbaycanın Hərbi Dəniz Qüvvələri 1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk etdikdən sonra formalaşmağa başlayıb. Bu vaxta qədər Xəzər dənizinin qərb sahillərində müdafiəni ingilis hərbi gəmiləri təmin edirdi. Xəzər hərbi donanmasının gəmiləri isə Bakı azad olunarkən Port-Petrovsk limanına qaçırılıb və yalnız 1918-ci il noyabr ayında ingilislər Bakıya gəldikdən sonra geri qaytarılıb.

Yeni yaranmış Azərbaycan hərbi donanmasında yüksək rütbəli zabitlərdən yalnız “Ərdahan” və “Astrabad” gəmilərində xidmət edən dəniz xidməti kapitanı Həsən Çilingərzadə və 1-ci dərəcəli kapitan Gitançızadə azərbaycanlı idi. Hərbi Nazirlikdə donanma ilə məşğul olan bölmə olmadığından Xəzər hərbi donanması ilə bağlı məsələlərə Nəqliyyat Nazirliyində baxılırdı.

1919-cu ilin sonlarında Baş qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılıb. Ümumilikdə Azərbaycan Xəzər hərbi donanmasının tərkibində 75, 100 və 120 mm çaplı toplarla silahlanmış iki kanoner gəmisi – “Ərdahan” və “Kars”, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargen” xidməti və köməkçi gəmiləri, “Oryol” nəqliyyat gəmisi, silahlı “Puşkin” paroxodu, həmçinin lazımi qədər kater var idi.

Hərbi donanma üçün kadrların hazırlanması məqsədilə Bakı Dəniz Aviasiyası məktəbinin bazasında Xüsusi hərbi-dəniz aviasiyası məktəbi, 1919-cu ilin oktyabrın 14-də isə dəniz aviasiyası dəstəsi yaradılıb.

Texniki təminatın yaxşılaşdırılması məqsədilə Paris sülh konfransına təqdim olunmuş memorandumda donanmanın sualtı qayıqlar, lazımi qədər mərmi ehtiyatları və digər zəruri vəsaitlərlə təmin olunmasına köməklik olunması ilə bağlı müraciət olunmuş, 6 sualtı qayıq, müxtəlif tipli döyüş katerləri, dəniz artilleriya silahları sifariş edilmişdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar güclü hərbi donanmanın yaradılması mümkün olmayıb.

Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Parlamentinin 1991-ci il oktyabrın 9-da qəbul etdiyi “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanuna əsasən Silahlı Qüvvələrin tərkib hissəsi kimi Hərbi Dəniz Qüvvələrinin yaranmasının hüquqi bazası müəyyən olunub. Sabiq SSRİ dövləti tərkibində olan müstəqilliyini əldə etmiş Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Xəzəryanı dövlətləri arasında əldə olunan razılığa görə Azərbaycan onun ərazisində yerləşən sabiq Xəzər hərbi donanmasının bütün bazalarına və 25 faiz hərbi gəmilərinə sahib olub.

1992-ci il iyulun 26-da “Bakılı” gözətçi gəmisində ilk dəfə olaraq müstəqil Azərbaycanın Üçrəngli Dövlət Bayrağı qaldırılıb və Azərbaycan öz Hərbi Dəniz Qüvvələrini yaratmağa başlayıb. İlk mərhələdə Hərbi Dəniz Qüvvələrinə müxtəlif tipli gəmilərlə komplektləşdirilmiş beş divizion və sahil bölmələri daxil olub. Xəzər hövzəsində yerləşən müşahidə postları və mayakların fəaliyyəti bərpa olunmağa başlanılıb.

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin heyətindən qısa müddətdə Dəniz Piyadası Taboru formalaşdırılıb. Ağdam - Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə 1994-cü il aprelin 19-da cəbhə bölgəsinə göndərilib və 1994-cü il iyulun 25-də vəzifə borclarını yerinə yetirdikdən sonra hərbi hissəyə dönüb.

1997-ci il 4 noyabr tarixli “Azərbaycan Respublikasının Hərbi Dəniz Bayraqları haqqında” Qanuna əsasən hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında əsasnamə qəbul edilib. 2000-ci il avqustun 7-dən etibarən Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırılıb.

Türkiyə və Azərbaycan Hərbi Dəniz Qüvvələri arasındakı hərbi əməkdaşlıq müqaviləsinə əsasən P-223 kiçik artilleriya kateri Azərbaycana hədiyyə olunub. Kater 2000-ci iyulun 22-də İzmir şəhərindən səfərə başlayıb, 3 dövlətin (Türkiyə, Ukrayna, Rusiya) ərazisindən 5 dəniz (Egey, Mərmərə, Qara, Azov, Xəzər), 3 boğaz (Çanaqqala, İstanbul, Kerç), 2 çay (Don, Volqa) və onları birləşdirən 18 hovuzu keçərək 2345 dəniz mili məsafəni qət edib, 2000-ci il avqust 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən Hərbi Dəniz Qüvvələrinin əsas bazasına gətirilib.

Hərbi Dəniz Qüvvələrinin Xüsusi təyinatlı mərkəzin şəxsi heyəti Türkiyə və ABŞ dəniz piyadaları ilə bir sıra birgə təlimlərdə iştirak edib. Zabit kadrlarının ixtisas hazırlığının yüksəldilməsi məqsədilə bir sıra xarici ölkələrlə təcrübə mübadilələri aparılıb, zabit heyətinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub.

Döyüş hazırlığı planına əsasən Xəzər hövzəsinin cavabdehlik zonasında əlverişli əməliyyat rejiminin saxlanılması, sualtı ixrac neft-qaz boru kəmərlərinin və platformalarının mühafizəsinin təmin edilməsi üzrə hər il Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və hərbi gəmilərinin iştirakı ilə Hərbi Hava Qüvvələri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ilə qarşılıqlı birgə təlimlər keçirilir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində davamlı iş aparılır.

Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və gəmiləri Silahlı Qüvvələrin yaranmasının 90-cı, 95-ci, 100-cü və 105-ci ildönümünə həsr olunmuş hərbi paradlarda və gəmilərin təntənəli düzülüşündə və keçidində iştirak edib.

2005-ci ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin Həştərxan şəhərinə dostluq səfəri çərçivəsində Rusiyanın Xəzər Dəniz Donanmasına ziyarətlər təşkil olunub. 2012-ci ilin oktyabr və 2013-cü ilin avqust ayında Xəzər Dəniz Donanmasının Bakıya yoldaşlıq səfəri, 2013-cü ilin sentyabr ayında isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Rusiyanın Həştərxan vilayətinə səfəri təşkil olunub.

Ziyarət proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-121 gözətçi gəmisini ziyarət ediblər.

2022-ci ilin oktyabrında Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçirilib. Təlimdə hər iki qardaş ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

2023-cü ilin may ayında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2023” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər. Təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda, heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

2023-cü ilin oktyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimi keçirilib.

Azərbaycan Ordusunun Qazaxıstan Respublikasında keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində ölkəmizi Hərbi Dəniz Qüvvələrinin 3 gözətçi və 2 desant gəmisi yüksək səviyyədə təmsil edib.

2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə tikilən Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının açılışı olub.

Bazada müasir standartlara cavab verən qərargah, körpülər, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün hərbi şəhərcik tikilib, kommunikasiya və digər infrastrukturla təmin olunub. Perspektivdə yeni gəmilərin inşası, müxtəlif tipli gəmi və katerlərin modernləşdirilməsi nəzərdə tutulub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq, dözümlülük və qəhrəmanlıq göstərərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak ediblər. 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi.

Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin döyüşlər zamanı 9 hərbi qulluqçusu Vətən uğrunda şəhid olub, 50 nəfər isə yaralanıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Vətən müharibəsində xüsusi xidmətlərinə görə fərqlənmiş, şəhid kiçik miçman Zalov Fəqan Amil oğluna ölümündən sonra və daha 2 hərbi qulluqçuya Vətən Müharibəsi Qəhrəmanı adı verilib, digərləri isə müxtəlif orden və medallarla təltif olunublar. (AZƏRTAC)

Oxşar xəbərlər