09.06.2025, 22:26
AZ EN
03.08.2024, 09:34 186

Əməkdar həkimin şərəfli ömür yolu

XƏBƏRLƏR
  • Ağdamın tanınmış ziyalılarınsan biri də Taryel Eyvazovdur. Azərbaycan Tibb Universitetinin (ATU) məzunu, həkim-terapevt Taryel Əli oğlu Eyvazov 1990-1999-cu illərdə Ağdam rayon səhiyyəsinə rəhbərlik edib.  Hazırda ATU-nun dosentidir.

Taryel Eyvazov Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar həkimi adına layiq görülüb. Ehtiyatda olan tibb xidməti baş leytenantıdır.

T.Eyvazov I Vətən müharibəsində həkim-terapevt olaraq iştirak edib.O, həmçinin, Xocalı soyqırımı zamanı  yaralılara ilkin tibbi yardımın təşkil olunmasına rəhbərlik edib. Taryel Eyvazov "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvüdür.

Taryel Əli oğlu Eyvazov 1949-cu il iyulun 30-da Ağdamda anadan olmuşdur. Ağdam 5 saylı orta məktəbi 1966-cı ildə bitirən Taryel Eyvazov 1966-1972 illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun  aspiranturasında oxumuş, 1987-ci ildə Daşkənddə "Kənd əhalisi arasında çox yayılmış daxili xəstəliklərin erkən aşkarı və onların profilaktikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 

Taryel Eyvazov Ağdam Tibb Texnikumunda 1972-1984 illərdə daxili xəstəliklər fənnini tədris etmişdir. Taryel Eyvazov Ağdamda baş həkim (1990-1999), Səhiyyə Nazirliyinin  Birləşmiş Xəstəxanasında müavin vəzifələrində işləmişdir.

Taryel Eyvazov 1 metodik göstərişin, 34 elmi əsərin müəllifidir. O,  "Azərbaycan tibb jurnalı" və "Sağlamlıq" jurnalı redaksiya şurasının üzvü, "Səhiyyə əlaçısı" və Ali dərəcəli həkimdir.

Taryel Eyvazov Qarabağ müharibəsi veteranıdır.

Azərbaycan Respublikasının Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 2007-ci ildə “dosent”elmi adı verilmişdir.

Taryel Eyvazov 2005-ci ildə “Qafqaz Media” İB “Praktik və nəzəri təbabətdəki xidmətlərinə, Qarabağ müharibəsinin ilk günlərindən səhiyyənin təşkilindəki fəaliyyətinə” görə ”Qızıl Fonendoskop”, 2012-ci ildə Azərbaycan Respublikası “Əsrin ziyalısı”  diplomları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyun 2014-cü il tarixli sərəncamı ilə səhiyyəmizin inkişafındakı xidmətlərinə görə Taryel Eyvazova "Əməkdar həkim" fəxri adı verilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər