Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəsmi instaqram səhifəsinə istinadla bildirilir ki, düşərgə çərçivəsində Azərbaycanla yanaşı Türkiyə, Moldova, Macarıstan, Gürcüstan, Ukrayna və digər ölkələrdən olan 150-dən çox iştirakçı humanitar fəaliyyət, axtarış və xilasetmə, münaqişələrsonrası bərpa və müasir şəhər planlaşdırılması mövzularında çoxsaylı təlimlərə qatılaraq bu sahələrdə bilik və bacarıqlarını genişləndirib.
Axtarış və xilasetmə proqramı çərçivəsində İSİM və "Uptodate İn Medicine" AHA Beynəlxalq Təlim Mərkəzinin təlimçiləri tərəfindən 150 skaut üçün ümumi ilk yardım, ürək-ağciyər reanimasiyası, defibrilyatordan istifadə və travmalarda xəstəxanayaqədər ilk yardım təlimləri keçirilib. Təlimlərdə xüsusi təyinatlı qüvvələrin hərbi travmalarda ilk yardım üzrə mütəxəssisləri də iştirak edərək öz təcrübələrini paylaşıb.
Bütün təlimlər Amerika Ürək Assosiasiyası və Beynəlxalq Travmada Həyata Dəstək təşkilatının metodologiyası və təlimatlarına əsasən aparılıb və təlimlərin nəzəri və praktik hissələrini uğurla başa vuran, eyni zamanda yazılı imtahanı ən azı 84 faiz balla tamamlayan iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilib. (AZƏRTAC)