20.10.2024, 04:00
AZ EN
30.07.2024, 13:09 260

“YAŞAT” Fondunun Londondakı yay məktəbi başa çatıb

XƏBƏRLƏR
  • “YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci “YAŞAT” yay məktəbi uğurla başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, iyulun 13-dən 27-dək olan müddəti əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilib və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunublar.

Proqram çərçivəsində iştirakçılar bir-birindən maraqlı ekskursiyalara qatılıblar. Bu sırada dünyada mum heykəlləri ilə məşhurlaşan Madam Tüsso Muzeyini, Londondakı Bukinqem sarayını, Londonun gözü adlandırılan və 135 metr yüksəklikdə yerləşən, Avropanın ən hündür əyləncə çarxını qeyd etmək olar.

Layihə iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə onlar üçün təşkil olunan ziyafətə qatılıblar.

Yay məktəbinin iştirakçılarına sertifikatlar da təqdim olunub.

Layihənin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edib.

Xatırladaq ki, ötən il yay məktəbi Almaniyanın Frankfurt şəhərində keçirilib. (AZƏRTAC)

Oxşar xəbərlər