Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Mənsur Ağa oğlu Ağayevin doğum günüdür. Mənsur əslən Kürdəmir rayonunun Sığırlı kəndindəndir. O, 1994-ci il iyulun 29-da Hacıqabul rayonunun Padar qəsəbəsində anadan olub. Burada orta məktəbi bitirib və hərbi xidmətə yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra mühafizəçi kimi çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Döyüşlərdə şücaətlər göstərən Mənsur Ağayev müharibənin son günündə - noyabrın 9-da Şuşada qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz doğma Hacıqabulda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD