Bu fikirlər Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri Təmraz Tağıyevın yazısında yer alıb.
Yazıda qeyd olunub ki, məhz həmin günün ölkəmizin sosial-mədəni və siyasi-iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, müasir müstəqil dövlətimizin təməlinin qoyulmasında müstəsna rolu var.
“Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk vaxtlarda Azərbaycandakı xaos və anarxiyanı hər kəs yaxşı xatırlayır. Bir tərəfdən iqtidarın səriştəsizliyi, digər tərəfdən hakimiyyət uğrunda çəkişmələr Azərbaycanı uçuruma, müstəqil dövlət kimi süquta aparırdı. Ulu Öndər həmin illərdə ölkənin acınacaqlı vəziyyətdə olduğunu yaxşı bilirdi. Ölkədə ətalət hökm sürür, iqtisadiyyat getdikcə zəifləyir, xalqın vəziyyəti ağırlaşırdı.
1993-cü ilin ortalarında ölkədə siyasi-iqtisadi böhran ən pik həddə çatmışdı. Belə mürəkkəb və ağır vəziyyətdə xalqın yeganə ümidi Ulu Öndər idi. Hər kəs düşünürdü ki, Azərbaycanı düşdüyü fəlakətdən yalnız Ümummilli Lider xilas edə bilər. Odur ki, xalqımız Ulu Öndəri təkidlə siyasi rəhbərliyə dəvət edirdi. Xalq öz xilaskarını böyük ümid və ehtiramla qarşıladı. Bununla da Ümummilli Lider xalqın taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. Ulu Öndər Heydər Əliyev əzmkarlıq və qətiyyət nümayiş etdirməklə ölkəmizi bu durğunluqdan çıxardı. Bununla o, öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı”, - deyə T.Tağıyev qeyd edib.
Qarabağın işğaldan azad edilməsinin Ulu Öndərin ən böyük arzusu olduğunu vurğulayan T.Tağıyev bildirib ki, bu müqəddəs arzu 2020-ci ilin noyabrında reallaşdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 illik işğala 44 gündə son qoydu. Eləcə də uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəranda müqəddəs üçrəngli Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı.
Ümummilli Lider çıxışlarında həm də bu gün aktual Qərbi Azərbaycana qayıdış məsələsini daim diqqətdə saxlayırdı. Qərbi Azərbaycana həsr olunan bütün görüşlərdə Heydər Əliyev qayıdış prosesinin gələcəkdə reallaşacağına inandığını dilə gətirir və qeyd edirdi: “Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri azərbaybacanlılar oraya qayıdacaqlar”. Bəli, biz bu tarixi günləri də səbirsizlkilə gözləyirik.
Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının rəhbəri vurğulayıb: “Bu gün fəxr ediləsi bir məqam odur ki, Ulu Öndərin Qarabağımızın erməni işğalçılarından azad edilməsi ilə bağlı arzularını həyata keçirən Prezident İlham Əliyevin qətiyyətli addımları sayəsində Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib. Beləliklə, 55 il əvvəl başlayan Heydər Əliyev yolu bu gün ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına doğru aparmaqdadır”. (AZƏRTAC)