Samirə Səfərova, “Bakı Xəbər” qəzetinin baş redaktor müavini:
- Zəngilana qayıdış tək zəngilanlılar üçün deyil, hər birimiz üçün igidlərimizin qanı bahasına qazanılan böyük Zəfərin ilk qaranquşu sayılmalıdır. Çünki bu otuz ilə yaxın müddət ərzində dilimiz bu böyük günə - Qarabağımızın qayıdışına ümid ifadə etsə də, içimizdə hətta özümüzə belə etiraf edə bilmədiyimiz bir nigarançılıq vardı. Yəqin çoxları mənimlə razılaşar ki, bu illər ərzində dünyanın şərin tərəfində olması, haqq səsimizin eşidilməməsi, ikili standartlar bu nigarançılığımızı nəinki azalmağa qoymurdu, hətta əksinə, onun bir az da artmasına səbəb olurdu.
Nəhayət, Azərbaycan dövləti vaxtilə az qala möcüzə kimi görünən Zəfər sevincini bizə yaşatdı və bütün dünyaya göstərdi ki, haqqını heç kəsə güzəştə gedən deyil.
Bu illər ərzində Azərbaycanın dilbər guşəsinin işğal altında qalmaqla necə viranəyə çevrildiyini də bütün dünya gördü. Və dünya indi onu da görür ki, Azərbaycanın öz ərazilərini geri qaytarması ilə bölgəyə həyat qayıdır. Bu həyatın ilk müjdəçiləri olmaq isə zəngilanlıların qismətinə düşdü. Yurd itkisi ağır dərddir və təbii ki, bu illər ərzində bu gün doğma yurduna qayıdan 41 ailənin də itkiləri, dünyasını dəyişənləri olub. Lakin bu da Ağalı sakinləri üçün bir təsəllidir ki, indi bütün narahat ruhlar sevinir.
Gün gələcək, bizim bu gün yaşadıqlarımızı gənc nəsillər tarix kitablarından oxuyacaq. Zəngilanın gələcək nəsilləri isə həm də babalarının bu yurda yenidən həyat gətirməsinin qürurunu yaşayacaqlar.
Hazırladı:
Tahirə AĞAMİRZƏ