18.10.2024, 22:25
AZ EN
07.06.2024, 11:17 298

Ağdamın igid oğlu

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi, tankçı Elçin Cəmil oğlu Mahmudovun doğum günüdür. O, 1998-ci il iyunun 7-də Ağdamın Kəngərli kəndində anadan olub. 2005-2016-cı illərdə Ağdam rayon 45 nömrəli köçkün tam orta məktəbində təhsil alıb. Elçin Mahmudov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2019-cu ildən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı kimi iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

Elçin Mahmudov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Ağdam rayonunun Quzanlı qəsəbəsində böyük izdiham və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Mahmudov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elçin balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər