09.06.2025, 16:29
AZ EN
09.04.2024, 11:32 332

Bu gün Vətən müharibəsi şəhidi XTQ kapitanı Kamil Şirinovun doğum günüdür

XƏBƏRLƏR
  • Vətən müharibəsində qəhrəmancasına döyüşərək xalqımıza Zəfər sevinci yaşadan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovdur.

Kamil 1991-ci ilin aprelin 9-da Salyan rayonunun Çuxarlı kəndində hərbçi ailəsində dünyaya göz açıb. İki yaşına qədər ailəsi Rusiyada yaşayıb. Birinci Qarabağ müharibəsində atası torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün Azərbaycana qayıdıb. Ondan sonra ailə Vətənə gəlib. Onun qardaşı, əmiləri, əmisinin və bibisinin oğlanları da hərbçidirlər.

Kamil 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub və 2009-cu ildə oranı bitirdikdən sonra yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Qrup komandiri idi, Aprel döyüşlərində də iştirak etmişdi. Uğurlu döyüşçü kimi Prezident tərəfindən “Fərqlənmə medalı” ilə mükafatlandırılıb.

Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib. Sonuncu dəfə Pakistanda 3 aylıq anti-terror təlimlərinə qatılmışdı. Erməni, rus və ingilis dillərini bilirdi.

Kapitan Kamil Şirinov Vətən müharibəsi zamanı ön cəbhədə uğurlu əməliyyatlarda iştirak edib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində şücaət göstərib. 29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Kamil Şirinov Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəhrəmanımızın 2 oğul övladı Vətənə əmanətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər