Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il martın 26-da qeyd olunub.
Həmin il epilepsiyadan əziyyət çəkən doqquz yaşlı qız - Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən “dəliliyin yüngül forması” kimi qəbul olunduğunu hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün “Bənövşəyi gün” yaratmağa nail olub. Onun başladığı təşəbbüsü əvvəlcə Kanadadakı Yeni Şotlandiya Epilepsiya Assosiasiyası dəstəkləyib, ardınca isə dünyanın başqa təşkilatları da ona tərəfdar çıxıblar. Növbəti bir il müddətində 100 min tələbə, 100-ə yaxın ictimai birlik və 100-dən artıq məşhur siyasətçi həmin təşəbbüsə qoşulub. Bir axşam həmrəylik əlaməti olaraq Torontoda məşhur televiziya qülləsini bənövşəyi rəngə boyayıblar.
Martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa, keçirilən hərrac, yarmarka, konsert və idman yarışları vasitəsilə xəstələr üçün vəsait yığılır. Həmin gün bütün dünyada keçirilən bu beynəlxalq tədbir epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 milyon nəfər, yəni Yer kürəsi əhalisinin 1 faizə qədəri epilepsiyadan əziyyət çəkir. Onlardan yalnız 25 faizi adekvat müalicə alır. Müasir dərmanlar 70 faiz xəstələrin ürəktutmalarından tamamilə xilas olmasına imkan verir. Həmin preparatlar səmərəli olmaqla yanaşı, az toksiki təsirə malikdir, əhval-ruhiyyəyə və psixikaya təsir etmir. Epilepsiya xəstələri təhsil alır, işləyir, ailə qurur, dünyaya sağlam övlad gətirir və tam normal həyat yaşayırlar.
Xroniki nevroloji xəstəlik olan epilepsiyaya mübtəla olanlar qəflətən baş verən qıcolmalarla üzləşirlər. Vaxtilə Yuli Sezar, Nostradamus, Dante Aligeri, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Fyodor Dostoyevski, Alfred Nobel, Vinsent van Qoq və başqa məşhurlar da həmin xəstəlikdən əziyyət çəkiblər. (AZƏRTAC)