08.09.2024, 05:54
AZ EN
13.07.2022, 10:00 406

Üzü mübarək, təbəssümlü şəhidimiz

XƏBƏRLƏR
  • Bu gün onun günüdü - şəhid Səlimxan Vüqar oğlu Bayramovun. Biz də,  müqəddəs şəhidimizi anarkən onunla bağlı xatirələri dinlədik.

Səlimxan şəkillərindən də göründüyü kimi, üzündə həmişə bir təbəssüm olarmış. Atası söyləyir ki, o müharibəyə də ailəsinə təbəssüm edərək yollanıb. Ancaq onun ürəyində böyük bir Vətən, Qarabağ sevdasından düşmənə qəzəb hissi çox güclü imiş. Qardaşı deyir ki, Səlimxanın ən böyük arzusu şərəflə ölmək imiş. Bacısı isə onun arzularının yarıda qaldığını söyləsə də, əslində igid oğlumuz müqəddəs arzusuna öz şəhadəti ilə çatıb. Onun üçün Vətən uğrunda vuruşmaq, düşməndən qisas almaq və Qarabağın azadlığı uğrunda canından keçmək böyük bir şərəf imiş...  

İkinci Vətən Müharibəsi şəhidi Səlimxan Vüqar oğlu Bayramov əslən Qərbi Azərbaycanın Amasya bölgəsindəndir. O, 1998-ci il iyulun 13-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıtda 3 nömrəli tam orta məktəbdə  alıb. Gürcüstan Dövlət Texniki Universitetini bitirib.
Ali təhsilini bitirib doğma Vətənə qayıdan Səlimxan 2019-cu ilin oktyabrın 28-də Qusara hərbi xidmətə yollanıb. 2020-ci il, sentyabrın 27-də başlanan İkinci Vətən Müharibəsində o, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarında gədən döyüşlərdə şücaət göstərib. Hətta iki döyüş yoldaşı ilə erməni postunu ələ keçirib və ona doğulduğu  Sumqayıtın adını verdiyini söyləyib.

19 oktyabr 2020-ci ildə S.Bayramov Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə",  “Xocavəndin azad olunmasına görə”, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ruhu şad olsun!

Mina RƏŞİD

Oxşar xəbərlər