20.04.2025, 05:59
AZ EN
05.03.2024, 10:03 349

Torpaqlarımızı düşməndən təmizləyib bayraqla qayıdacağam...

XƏBƏRLƏR
  • 44 Vətən müharibəsi şəhid, əsgər və zabitlərimiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların arasında Azərbaycan ordusunun mayoru Natiq İsmayılov da var.  Yaşasaydı bu gün 44 yaşı tamam olacaqdı.

1980-ci ilin bu günü Qəbələ rayonunun Bunud kəndində dünyaya göz açan Natiq Vətəninə bağlı, hərbi forma geyməyə həvəsli bir gənc kimi yetişir. Hərbi xidmətə yollandıqdan sonra bir daha ordu sıralarından ayrılmır. Xidmət müddəti bitdikdən sonra mayor olaraq doğma kəndinə geri qayıdır. Müqəddəs savaşımızın başlaması isə sanki  içində yatmış alovu oyadır. Vətən onu çağıranda düşünmədən ön cəbhəyə atılır və son nəfəsinə qədər vuruşur. 23 ildir daşıdığı hərbi formanın haqqını Vətən müharibəsində verir.

Anası Tamara İsmayılova deyir ki, üç ay idi ki, ehtiyata buraxılmışdı. Özü könüllü getdi Vətəni qorumağa.Aparıb öz əlimlə Vətəniniə, torpağına qurban verdim balamı.

“Zəng elədi mənə dedi ki, bacı gəl anamgilə, kəndə gəlirəm. Soruşdum, demədi niyə gəldiyini. Evə gələndən sonra dedi ki, könüllü yazılmışam, müharibəyə gedirəm. Biz də xeyir-dua ilə onu yola saldıq”. Bunu bacısı Kəklik göz yaşları içərisində deyir.

Füzuli, Suqovuşan uğrunda gedən ağır döyüşlərdə tabeliyində olan əsgərləri ilə birlikdə mərdliklə vuruşan mayor Natiq İsmayılov düşmənin canlı texnikasının və canlı qüvvəsinin məhv edilməsində böyük rəşadət göstərib. Şəhidimiz haqqında qürurla danışan ailəsi deyir ki,  o, hər zaman bir amal uğrunda yaşayırdı: torpaqlarımızı yağı düşməndən azad etmək və yağı düşməndən qisasını almaq. Arzusuna da çatdı qəhrəmanımız.

“Özü də deyirdi ki, torpaqlarımızı düşmən işğalından təmizləyib bayraqla  qayıdacam. Amma o, çox sevdiyi Azərbaycan bayrağına bükülüb gəld”,- deyir anası.

Oktyabrın 17-də şəhidlik zirvəsinə ucalan qəhrəmanımız, doğma kəndində böyük ehtiram və izdihamla dəfn edilib.

Vətənin keşiyində dayandığı müddətdə bir çox uğurlu tapşırıqların icrasında mayor Natiq İsmayılovun da xidmətləri olub. Bunun nəticəsidir ki, xidməti müddətində 7 medalla təltif edilib. Qəhrəman şəhidimiz ölümündən sonra isə “Vətən uğrunda” medalı və “Rəşadət” ordeni ilə təltif edilib.

Mayor Natiq İsmayılovun 4 övladı Vətənə əmanətdir.

Vətəninin bütövlüyü uğrunda canından keçən, ölməzliyi ilə ölməzlik qazanan qəhrəman, sənzis keçən doğum günün mübarək!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər