Millət vəkili Aqil Abbas “Baku” TV-yə açıqlamasında bildirib ki, Ağdamda 15 minlik yeni bir stadion layihələşdirilib və yəqin ki, tikintisinə başlanılacaq. O, təxminən Ağdamın Əhmədavar kəndi ərazisində, kənd rayona bitişikdi, ərazidə salınır. Stadiona da kimin adına qoyulması necə deyərlər, hamının müzakirəsinə səbəb olur. Hamımızın, ağdamlıların ürəyindən keçir ki, həmin yeni tikiləcək stadion Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun adına olsun. Yəqin ki, Ağalar müəllimin hazırlatdığı heykəl də həmin stadionun qarşısında qoyulsun.
Millət vəkilinin sözlərinə görə heykəl Qarabağ Futbol Klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında qoyulacaq. Qarabağın keçmiş futbolçusu, daha sonra klubun baş məşqçisi olan Milli Qəhrəman Allahverdi Bağırovun heykəli artıq hazırdır.
Heykəltaraş Elxan Zeynalov bildirib ki, heykəlin öhdəsindən mən elə gəlməliydim ki, həm peşəkar nöqteyi-nəzərindən, həm cəmiyyət nöqteyi-nəzərindən o heykəl çox müsbət qarşılanmalıydı. Bunun üçün də öhdəmə çox böyük bir məsuliyyət düşmüşdü və şükürlər olsun Allaha ki, mən o məsuliyyətin öhdəsindən hardasa gələ bildim. Bu sənətin insana ən böyük qatqısı hazırladığım əsərlərin hardasa qoyulması, hardasa yerləşdirilməsi, əbədiləşdirilməsini görmək mənim üçün çox böyük bir sevinc, böyük qürur olar ki, mən də həqiqətən bu həyatda, bu sənətdə üzərimə düşən məsuliyyətin hardasa öhdəsindən gələ bildim.
Qeyd edək ki, heykəl artıq Quzanlıdadır. Stadionun tikintisi yekunlaşdıqdan sonra orda qoyulacağı nəzərdə tutulub.
Hazırladı: Tahirə AĞAMİRZƏ