"Vətən səsi" xəbər verir ki, hazırda Laçında və Kəlbəcərdə fərdi evlərin və yaşayış komlekslərinin tikintisi ilə məşğul olan “Bakı Abadlıq Xidməti” ММC-yə daha 3 böyük layihə həvalə olunub. Belə ki, bu şirkət Qarabağ İqtisadi rayonuna daxil olan 3 iri yaşayış məntəqəsinin - Malıbəyli və Xocavənd kəndləri, eləcə də Umudlu qəsəbəsinin yenidən qurulması ilə bağlı keçirilən tenderin qalibi elan edilib. Tender müqaviləsinin şərtlərinə görə hər üç yaşayış məntəqəsində tikinti və bərpa işlərinin həyata keçirilməsi üçün “Bakı Abadlıq Xidməti” ММC-yə ümumilikdə 33 milyon 735 min 226 manat ayrılacaq. Həmin vəsaitin 15 milyon 542 min 750 manatı Şuşa rayonu Malıbəyli kəndində yerləşən 14 binadan ibarət mövcud yaşayış kompleksinin təmirinə və bərpasına xərclənəcək. Xocavənd rayonu Xocavənd kəndinin bərpasına yönəliləcək vəsaitin həcmi 9 milyon 46 min 206 manatdır. “Bakı Abadlıq Xidməti” ММC ona ayrılmış vəsaitin 9 milyon 146 min 270 manatını isə Tərtərin Umudlu qəsəbəsində müvafiq işlərin görülməsinə xəcləməlidir.
Elxan SALAHOV