09.06.2025, 18:07
AZ EN
22.02.2024, 13:26 391

Xocalı sakini: Ümidlərinin doğrulması insan üçün çox şirin hissdir

XƏBƏRLƏR
  • Son 3 ildə yaşadığımız sevinc dolu hisslərə hər kəs şahid oldu. Bu sevinci bizə yaşadan şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir. Möhtəşəm Qələbəmizin müəllifi olan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla, rəşadətli Ordumuza daim uğur və müvəffəqiyyətlər, qazilərimizə isə Uca Tanrıdan möhkəm cansağlığı arzu edirik.

Bu sözləri müsahibəsində Zaqatala rayonunda məskunlaşan Xocalı sakini Vasif Allahverdiyev söyləyib.

Həmin dəhşətli günləri – Xocalı soyqırımını göz önünə gətirən Vasif Allahverdiyev deyib: “O günlərin ağrı-acısı daim bizimlədir. Müharibənin dəhşətləri hər kəs üçün eynidir. Lakin soyqırımına məruz qalmış insanların mənəvi iztirabları qat-qat artıq olur. Xocalılılar üçün həyat iki hissəyə bölünmüşdü - 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyə qədərki və həmin dəhşətli gecədən sonrakı həyat”.

Xocalı hadisələri zamanı Vasif Allahverdiyevin 8 yaşı olub. Soyqırımı ərəfəsində ailəsində, yaxın qohumlarında olan qadınları, uşaqları təhlükəsizlik məqsədilə Şuşanın Turşsu kəndində yerləşdiriblər. Atası Vaqif Allahverdiyev, əmisi İsmixan Allahverdiyev və digər qohumları isə şəhərin müdafiəsi üçün orada qalıb, könüllülərdən ibarət batalyonun tərkibində döyüşlərdə iştirak ediblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən soyqırımı zamanı atası yaralanıb, əmisi və yaxın qohumlarının bəziləri şəhid olublar.

Həmsöhbətimiz bildirib ki, 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atdığı zaman böyük Zəfərimizi “qismən qələbə” adlandıran qaragüruhçu “qüvvələr” də var idi. “Müzəffər Ali Baş Komandan “Mən nəyi nə zaman etmək lazım olduğunu yaxşı bilirəm” dedikdə, xalq ona inanırdı. Dediyi hər bir sözü yerinə yetirən Liderə necə inanmayasan axı?”, - deyə Xocalı sakini vurğulayıb.

Vasif Allahverdiyev deyib: “Ümidlərinin doğrulması insan üçün çox şirin bir hissdir. Bu hissi yaşadıqca ölkəmizin işıqlı gələcəyinə inamımız gündən-günə artır. Övladlarımızı daha parlaq gələcək gözlədiyinə tam əminik. Bu yaxınlarda xalq olaraq daha parlaq gələcək naminə prezident seçkilərində iştirak etdik. İnsanlar onların dərdini hiss edən və anlayan Liderə səs verdilər. Azərbaycanımız üçün ən yaxşı olanı və sabitliyimizin, inkişafımızın qarantını seçdilər. Biz də öz növbəmizdə, “Xocalıya ədalət!” tələbimizi dünyaya ən səmərəli şəkildə çatdıra biləcək siyasət dahisinə səs verdik. Xocalılıların mənəvi iztirablarının və maddi zərərlərinin qarşılanması uğrunda Xalq-Lider birliyimiz indi daha möhkəm, daha qətiyyətlidir”.

Onun sözlərinə görə, hazırda Zaqatala rayonunda Xocalıdan olan 29 ailə yaşayır. Ailə üzvlərinin ümumi sayı 102 nəfərdir. Onların əksəriyyəti həmin faciəvi hadisələrin canlı şahididir, aralarında şəhid verən ailələr də var. “Hər kəs çox həyəcanlıdır. Hiss edirik ki, çox qısa zaman ərzində ata-baba yurdumuza köç başlayacaq. Təsəvvür edin ki, bu illər ərzində, yəni məcburi köçkün həyatı yaşadığımız dönəmdə bizə doğmalaşmış müxtəlif şəhər və regionlardan olan insanları öz evimizdə qonaq qəbul edəcəyik. Onlarla süfrəmizi paylaşacağıq”, - deyə Vasif Allahverdiyev əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər