"Vətən səsi" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Ağdam rayonunun İmamqulubəyli kəndində “model müəssisə” prinsipi əsasında yeni qurulmuş məntəqədə hər gün 12-15 baş iribuynuzlu və 20-25 baş xırdabuynuzlu heyvanın kəsimini həyata keçirmək üçün hər cür şərait yaradılıb. Məntəqədə texnoloji ardıcıllıq gözlənilir və çarpaz çirklənmə mövcud deyil. Diri heyvanların, həmçinin hazır məhsulun gətirilməsi və aparılması üçün ayrı-ayrı qapılar qoyulub.
Cəmdəklərin və subməhsulların çirklənməsinin qarşısının alınması məqsədilə kəsilmiş heyvanların mədə və dərilərinin təmizlənməsindən ötrü otaqlar ayrılıb. Baytarlıq-sanitariya ekspertizasını həyata keçirmək üçün lazımi avadanlıqlarla təchiz edilmiş həkim otağı mövcuddur. Məntəqə dezinfeksiya işlərinin mütəmadi olaraq aparılmasından ötrü avadanlıq və dezinfektantlarla təchiz edilib.
Elxan SALAHOV