09.06.2025, 15:51
AZ EN
06.02.2024, 11:56 381

Bacı, şəhid olsam, ağlama...

XƏBƏRLƏR
  • Şanlı Vətən Müharibəsinin qəhrəmanı şəhid MAXE əsgər Elşən Dağıstan oğlu Məmmədovun bu gün doğum günüdür. O, 1996-cı il fevralın 6-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Elşən əslən Kəlbəcərdəndir. Elə ona görə də, uşaqlıqdan onun ən böyük arzusu torpaqlarımızın azadlığı uğrunda vuruşaraq işğal altındakı yurd yerlərimiz kimi Kəlbəcəri də doğmalarına qaytarmaq olub. 2016-ci ildə həqiqi hərbi xidmətini başa vursa da, o yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanıb.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə mərdliklə qatılır. O, bir çox ərazilərimizin, o cümlədən Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.

İgid döyüşçü Elşən Məmmədov oktyabrın 19-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün Elşən Məmmədov müqəddəs şəhidlərimiz kimi bütün Azərbaycanın fəxri, onun adı qürur yerimizdir. Elşənin bacı və qardaşı da onunla qürur duyduqlarını deyirlər. Bacısı danışır ki, mən bilirdim qardaşım sıradan bir insan deyil. O elə ən böyük arzusuna çatdı. Deyirdi ki, bacı, əgər Vətən uğrunda şəhid olsam, ağlama!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD  

Oxşar xəbərlər