21.11.2024, 15:30
AZ EN
31.01.2024, 17:21 206

Məntəqə sədri: “Bu seçkilər biz zəngilanlılar üçün ikiqat bayramdır”

XƏBƏRLƏR
  • “Fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində yaşayan zəngilanlılar üçün xüsusilə əlamətdar olacaq. Onlar ilk dəfə öz doğma yurdlarında öz prezidentlərini seçəcəklər. Odur ki, ölkəmizin ilk “ağıllı kənd”ində hamı seçki ab-havasındadır”.

"Vətən səsi" xəbər verir ki, bunu “secki-2024.az” saytına açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin sədri Əli Mönsümov bildirib.

O vurğulayıb ki, dairə üzrə 66 məntəqənin hamısı seçkilərə tam hazırdır: “Seçicilərə bildirişlərin göndərilməsini yekunlaşdırmışıq, Mərkəzi Seçki Komissiyasından bülletenləri də götürmüşük. Qanunvericiliyə uyğun olaraq bülletenlərin nəzərdə tutulmuş müddətdə aidiyyəti üzrə məntəqələrə çatdırılması təmin ediləcək”.

Dairə üzrə 66 seçki məntəqəsindən 4-ü işğaldan azad edilmiş Zəngilan rayonunun özündə yerləşir. Həmin məntəqələrin normal fəaliyyəti xüsusi diqqətdə saxlanılıb. Rayonun Alıbəyli kəndindəki “Dost Aqropark’’ın inzibati binasında yerləşən 61 saylı məntəqədə də seçicilərin sərbəst və şəffaf şəkildə səs vermələri, həmçinin müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb.

Məntəqə sədri Gülnaz Mahmudova bildirib ki, burada təchizat və təminat məsələləri ən yüksək səviyyədə həll edilib, hazırlıq işləri yekunlaşıb: “Ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra Azərbaycanda ilk dəfə keçiriləcək prezident seçkiləri bizim üçün ikiqat bayramdır. Çünki uzun illərin həsrətindən sonra bu seçkilərə öz doğma torpağımızda hazırlaşırıq. Seçicilərimizin hamısı həyəcanla fevralın 7-ni gözləyir ki, gəlib məntəqəmizdə səsvermədə iştirak etsin”.

S.Süleymanova

Oxşar xəbərlər