09.06.2025, 17:43
AZ EN
31.01.2024, 12:11 398

33 il gözlədiyim Xankəndi indi azaddır...

XƏBƏRLƏR
  • “33 ildir gecə-gündüz Allaha yalvarıram ki, o doğma torpaq düşməndən azad olunsun. Şükür, indi ana torpaq azaddır. Bütün Xankəndi sakinləri doğma ata-baba ocağına qayıdacağı günü səbirsizliklə gözləyirlər”. Bu sözləri İTV-nin “Qarabağ Gündəliyi”nə Xankəndi sakini Eldar Quliyev deyib.   

Bəli, işğaldan azad etdiyimiz Xankəndi indi öz doğma sakinlərini gözləyir. O sakinləri ki, Eldar müəllim kimi Xankəndinin hər küçəsini, hər cığırını əzbər bilir. İllərdi doğma yurdundan yadigar qalan şəkillərlə təsəlli tapır, gah gülümsəyir, çox vaxt da kövrəlirdilər. Bu insanlar öz evlərinin gözləri önündə yandırılmasına belə şahid olublar...

Eldar müəllimin oğlu, Vüqar Quliyev də söhbətə qoşulur. Deyir ki, o vaxt ermənilər bizə təzyiq göstərirdilər, ayrı-seçkilik edirdilər. “1989-cu ildə növbəti bir hücumda ağır yaralandım, kəllə-beyin travması aldım. İndi azad olunmuş Ağdam Şuşa-Xankəndi yolunda o vaxt erməni quldurları pusqu qurub azərbaycanlılara hücum edirdilər, onlara xəsarət yetirirdilər ki, burada yaşamayaq, çıxıb gedək...”   

Vüqar Quliyev Xankəndi işğal edilənə qədər N.Gəncəvi adına 4 nömrəli orta məktəbdə təhsil alıb. Deyir ki, ömrünün ən xoşbəxt, qayğısız günləri doğma Xankəndidə keçib. İndi isə həsrətini çəkdiyi doğma torpağa qayıdacağı üçün günlərini sayır.

Yurdundan illərlə didərgin düşmüş bu insanlar hər şəkildə min bir xatirədən danışırlar. V.Quliyevin də, yaşadığı ev Qələbə meydanı, uşaqlığının keçdiyi yerlər isə doğma Xankəndi küçələri olub. O,  Xankəndinə gedəndə ilk bu məkanları ziyarət edəcəyini bildirib...

V.Quliyev onu da bildirib ki, onun birinci ixtisası hüquqşünasdır, ikinci peşəsi isə inşaatdır ki, indi o, bu sahədə çalışır. Deyir ki, müraciət etmişəm ki, bizim də quruculuq işlərində payımız olsun.

Xanın kəndinə getmək və qurub-yaratmaq indi Quliyevlər ailəsinin də ən böyük arzusudur.

Vüqar müəllimin anası Elza Quliyeva torpaqlarımızın azadlığı uğrunda canından keçmiş müqəddəs şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə can sağlığı, şəfa arzulamağı da unutmadı.

Yolunuz açıq olsun!

Mina RƏŞİD 

Oxşar xəbərlər