"Vətən səsi" xəbər verir ki, elanda Tərtər rayonu, Suqovuşan qəsəbəsi 5 ədəd 5 mərtəbəli yaşayış kompleksinin xarici kommunikasiya (xarici su-kanalizasiya şəbəkəsi və xarici qaz təchizatı) işlərinin satın alınması nəzərdə tutulub. Qəsəbədə içməli su, təbii qaz və kanalizasiya şəbəkəsinin qurulması layihələri üzrə müsabiqəyə qatılmaq istəyən şirkətlər 250 manat iştirak haqqı ödəməlidir. Sözügedən xidmətlərə qəsəbədə su və kanalizasiya təchizatının xarici şəbəkəsinin qurulması, habelə xarici qaz təchizatının yaradılması, müvəqqəti binalar və qurğularda müvafiq istiqamətlər üzrə tikinti-quraşdırma işlərinin aparılması daxildir.
Xatırladaq ki, 2020-ci il oktyabrın 3-də işğaldan azad edilən Suqovuşan qəsəbəsində bərpa işlərinə hələ 44 günlük müharibənin davam etdiyi günlərdə başlanıb. Belə ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkilib. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirilib və alternativ yol istifadəyə verilib. Düşmənin 30 il ərzində söküb daşıdığı, yararsız vəziyyətə gətirdiyi enerji infrastrukturu da yenidən qurulub.
Hazırda əsaslı şəkildə yenidən qurulan Suqovuşan qəsəbəsində çoxmərtəbəli yaşayış binaları ilə yanaşı, məktəb, tibb müəssisəsi və digər sosial xidmət obyektlərinin tikintisi davam edir. Yeni inşa edilən yaşayış komplekslərinin bu il ərzində Suqovuşan sakinlərin istifadəsinə veriləcəyi gözlənilir.
Elxan SALAHOV