Kulis.az-ın məlumatına görə, kitabın annotasiyasında qeyd olunub ki, dövlətin milli təhlükəsizlik sisteminə bir sıra komponentlər daxildir. İqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. hər biri dövlətin yaşaması üçün vacib şərtlərdir. Həmin siyasətin tərkib hissələrindən biri kimi mənəvi, ideoloji işin aparıcı amillərindən hesab edilən multikultural dəyərlərin qorunmasını və bunun əsasında formalaşan multikultural təhlükəsizlik sistemini də bu konsepsiyaya bir komponent kimi əlavə etmək olar. Ölkə başqa sahələrdə öz milli təhlükəsizliyini təmin etdiyi kimi, multikultural təhlükəsizliyini də yaratmalıdır. Azərbaycanda dövlət siyasətinin bu əhəmiyyətli, vacib sahəsinin formalaşdırılması Heydər Əliyevin siyasi tərcümeyi-halına daxildir.
“Sim-sim” nəşriyyatı tərəfindən işıq üzü görən yeni nəşrin elmi redaktorları ADU-nun Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanidir.
Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Gerhard Şröderin Ulu öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.
Mina RƏŞİD